...

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Gəncə şəhəri ilə tanış olublar

Cəmiyyət Materials 13 Noyabr 2016 19:00 (UTC +04:00)
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir
“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Gəncə şəhəri ilə tanış olublar

Bakı. Trend:

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Sumqayıt, Qaradağ, Xəzər, Pirallahı, Qubadlı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan iştirakçılar noyabrın 13-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektləri ilə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi olub. Məktəblilər Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər.

Şagirdlərə məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxta qədər şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə tikilsə də onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırki türbənin inşasında ən qiymətli tikinti materiallarından olan qırmızı qranitdən istifadə olunub.

Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gəliblər.

Məktəblilərə bildirilib ki, Nizami Gəncəvi Muzeyi hazırda Gəncədə ən çox maraq doğuran, keçmiş irsin, maddi dəyərlərin nümayiş olunduğu mədəni mərkəzlərdən biridir. Adından da bəlli olduğu kimi, muzeydə XII əsr Azərbaycan poeziyasının klassiki, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar nümayiş olunur.

Muzey binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra isə Prezident İlham Əliyevin Gəncəyə növbəti səfərində istifadəyə verilib. Orijinal layihə əsasında tikilən muzey binası zirzəmidən və 3 mərtəbədən ibarətdir. Qısa müddət ərzində mərkəzdə olduqca dəyərli sənət nümunələri, əşyalar toplanıb.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir.

Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə” motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.

Tur-aksiyanı davam etdirən məktəblilərin üz tutduqları növbəti məkan “Qala” Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi olub.

Bildirilib ki, muzey Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilib. Yeni yaradılan bu abidə vaxtilə şəhərin 5 qapısından biri olan “Məqbərə” qapısının bərpa olunan variantıdır. Rəmzi olaraq Gəncənin qala divarları formasında inşa edilən tikili hazırda muzey kompleksi kimi fəaliyyət göstərir. Muzeydə Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlar, dekorativ tətbiqi sənətkarlıq nümunələri, misgərlik, dəmirçilik, dulsuçuluq, xalçaçılıq məmulatları, silahlar, döyüş vasitələri, məişət əşyaları, milli geyimlər nümayiş olunur. Eksponatlarla tanışlıqdan sonra məktəblilər rəmzi qala bürcünün ən yüksək zirvəsindən şəhərin mənzərəsini seyr ediblər.

Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. Əsrlərlə “İmamzadə” ziyarətgahı insanların üz tutduğu müqəddəs məkanlardan olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq və abadlıq, yenidənqurma işləri həyata keçirilib.

“İmamzadə” ziyarətgahının ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” hər kəsdə olduğu kimi, məktəblilərdə də böyük maraq yaradıb.

Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Məktəblilər 1606-cı ilin tarixi yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olublar. Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun türbəsini ziyarət ediblər. Burada məktəblilərə məlumat verilib ki, hakimiyyəti XVIII əsrin sonlarına-regionda gərgin beynəlxalq münasibətlər dövrünə təsadüf edən Cavad xanın yadelli istilaçılara qarşı apardığı istiqlaliyyət mübarizəsi bu gün də hər kəs üçün örnəkdir.

Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Məktəblilər küçə boyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililəri haqqında ətraflı məlumat verilib.

Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına Mərkəzə gəliblər. Məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanılıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.

Son olaraq məktəblilər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksinə gəliblər.

Məktəblilər Bayraq meydanında 120 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkənin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar.

Tur-aksiya iştirakçıları şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri və əyləncə mərkəzləri ilə tanışlıqla davam etdiriblər.

Məktəblilərin ekskursiyasının növbəti məkanı Şəmkir şəhəri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti