...

Doqquz rayondan 400-ə yaxın şagird Quba və Qusar rayonlarını gəzib

Cəmiyyət Materials 13 Noyabr 2016 19:04 (UTC +04:00)
Doqquz rayonun məktəblilərindən ibarət 400-ə yaxın şagird noyabrın 13-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar
Doqquz rayondan 400-ə yaxın şagird Quba və Qusar rayonlarını gəzib

Bakı. Trend:

Doqquz rayonun məktəblilərindən ibarət 400-ə yaxın şagird noyabrın 13-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.

Ağcabədi, Beyləqan, Xocavənd və Laçın rayonlarından olan qrupların Qubaya ekskursiyası Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarətlə başlayıb. Ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Məktəblilərin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Sonra tur-aksiya iştirakçıları Cümə məscidinə gəliblər. Məktəblilərin diqqətinə çatdırılıb ki, zəngin memarlıq üslubuna malik məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Xalçaçılıq müəssisəsindən sonra tur aksiya iştirakçıları dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə gəliblər. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.

Ağdam, Xocalı, Bərdə, Goranboy və Naftalan rayonlarını təmsil edən şagirdlərdən ibarət qruplar isə noyabrın 13-də “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın “şimal qapısı” sayılan Qusar rayonunun görməli yerləri ilə tanış olublar.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər.

Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olub, Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti