Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda gələcəkdə hər bir sanitar maşının ön şüşəsində kameraların quraşdırılması, bununla da həmin maşınlara yol verməyən vətəndaşların qeydə alınması və bu barədə məlumatların Dövlət Yol Polisinə ötürülməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
R.Nağıyev deyib ki, ötən illərə nisbətən nəqliyyat vasitələri tərəfindən dövlət sanitar nəqliyyat vasitələrinə yol verilmə ilə bağlı vəziyyət yaxşılaşıb: "Amma bəzən yenə də belə hallar müşahidə edilir və sanitar maşınlarının səs siqnallarına məhəl qoyulmur. Fərdi şəxslər tərəfindən idarə olunan nəqliyyat vasitələri təcili yardım maşınının hərəkətinə maneə yaradırlar. Təcili yardım maşınlarına daim yol verilməlidir. Hamı bunu səmiyyətlə qəbul etsə, nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranmaz. Bu istiqamətdə daim maarıfləndirmə işləri aparılmalıdır”.
Yollarda baş verən tıxacların təcili tibbi yardım maşınlarının cağırış ünvanına çatmasına təsir göstərən ən əsas faktorlardan biri olduğunu deyən R.Nağıyev qeyd edib ki, bu gün təcili yardım xidməti Fövqəladə Hallar Nazirliyinin qurumları və yol polisi ilə sıx əlaqəli şəkildə işləyir: “Polis inspeksiyaları ilə işin qurulması öz effektini verir və bu əməkdaşlıq daha da təkmilləşdiriləcək. Mütəmadi olaraq bu əlaqələrin yaradılması baş vermiş hadisələrin qarşısını almağa imkan verir”.