...

Gəncədə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2017 11:20 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.
Gəncədə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bakı. Trend:

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ombudsmanın Gəncə Regional Mərkəzi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə dövlət orqanları əməkdaşlarının, ali məktəb tələbələrinin, çoxsaylı gənclərin iştirakı ilə adı çəkilən şəhərin Gənclər Evində faciənin ildönümünə həsr edilmiş tədbir keçirib.

İlk öncə qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov həmin faciənin xalqımızın azadlıq yolunda atılmış həlledici mərhələ olduğunu bildirərək, bunun nəticələrinin gənclər arasında vətənpərvərlik baxımından təbliğinin əhəmiyyətini önə çəkib. Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, Müvəkkil Elmira Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikadakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərdiyi Bəyanatını iştirakçıların diqqətinə çatdırıb.

Müvəkkilin və Ombudsman Aparatı əməkdaşlarının iştirak etdikləri çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarında xalqımızın məruz qaldığı soyqırımları və terror hadisələri, habelə 20 Yanvar faciəsi barədə xarici iştirakçılara ətraflı məlumat verildiyi bildirilib. Tədbir mövzu ilə bağlı səmərəli müzakirələr şəraitində davam edib, iştirakçılara 20 Yanvar faciəsindən bəhs edən kinofilm nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti