...

Qəbul imtahanı ikinci dəfə də ödənişsiz ola bilər, əgər... - DİM-dən AÇIQLAMA

Cəmiyyət Materials 27 Fevral 2017 13:39 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) cari ildə qəbul imtahanlarının təşkili ilə bağlı bəzi məsələlərə - kolleclərə (yaxud ali məktəblərə) qəbul imtahanında iştirak edən abituriyentlərin bu il ali məktəblərə (yaxud kolleclərə) qəbul imtahanlarında ödənişli əsaslarla iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

DİM-in sektor müdiri Xanlar Xanlarzadə Trend-ə bildirib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamına görə, cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək.

X.Xanlarzadə qeyd edib ki, orta ixtisas müəssisələrinə qəbul müsabiqəsində bir dəfə iştirak etmiş abituriyent ali məktəblərə qəbul müsabiqəsində də ilk dəfə ödənişsiz iştirak edə biləcək: “Hər bir abituriyent bir dəfə orta ixtisas müəssisəsinə, bir dəfə də ali təhsil müəssisələrinə qəbul müsabiqəsində ödənişsiz iştirak edə bilər. Yəni, hər bir abituriyent dövlət hesabına iki dəfə - bir dəfə kolleclərə, bir dəfə isə ali məktəblərə qəbul olunmaq üçün müsabiqədə istirak şansından yararlana bilər. Bu, yalnız həmin müsabiqələrdə ilk dəfə iştirak edənlərə aiddir. Cari ilin məzunlarının hər biri hər bir müsabiqədə 1 dəfə olmaqla, ümumilikdə 2 dəfə imtahanlarda ödənişsiz iştirak edə bilərlər”.

Əvvəlki illərin məzunlarına gəldikdə, X.Xanlarzadə qeyd edib ki, ötən illərdə hər hansı bir təhsil səviyyəsi üzrə, məsələn, kolleclərə qəbul imtahanında iştirak edib, lakin daxil ola bilməyən abituriyent bu il yenidən kolleclərə qəbul üçün sənəd verərsə, bu ilki imtahanda ödənişli əsaslarla iştirak etməlidir. Amma bu il belə abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında pulsuz iştirak etmək şansı var.

X.Xanlarzadə əlavə edib ki, rus bölməsinin abituriyentləri qəbul imtahanlarının tərkib hissəsi olan Azərbaycan dili fənni üzrə keçirilən bir imtahanının ödənişindən azaddırlar: "Lakin məzun yenidən Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün müraciət etdikdə, ödəniş həyata keçirməlidir. Əgər abituriyent rus bölməsinin abituriyentidirsə, o, ilk dəfə olaraq, iştirak edəcəyi Azərbaycan dili fənni üzrə imtahana görə də, seçdiyi ixtisas qrupu üzrə keçirilən qəbul imtahanına görə də vəsait ödəməyəcək, yəni hər 2 imtahanda pulsuz iştirak edəcək”.

Dövlət İmtahan Mərkəzi: Abituriyent ikinci imtahanda iştirakına görə ödəniş edəcək

Dövlət İmtahan Mərkəzi: Abituriyent ikinci imtahanda iştirakına görə ödəniş edəcək

Qeyd edək ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları yararlanacaqlar.

Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı, 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti