Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidməti yarandığı zaman şikayət xarakterli müraciətlərin sayı çox olsa da, hazırda belə müraciətlərin sayı azalıb. Son zamanlar sorğu xarakterli müraciətlərin sayı daha çox artıb.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin koordinatoru Nailə Daşdəmirova jurnalistlərə deyib.
Onun sözlərinə görə, “Qaynar xətt” xidmətinə bu günə kimi 40 mindən çox müraciət daxil olub.
Müraciətlərin əksər hissəsi sorğu xarakterli - əhalinin yaşadığı ərazi üzrə harada tibbi qeydiyyata alınması, hansı tibb müəssisələrinin necə fəaliyyət göstərməsi, imtiyazlı insanlar üçün siyahıda olan dərman preparatı ilə bağlı olub:
“Əhalinin özünün də tibbi maarifləndirilməsinə böyük ehtiyac var. Onlar bilməlidirlər ki, hər bir vətəndaşın müayinəsi həkim-mütəxəssis tərəfindən aparılmalıdır. Bəzən vətəndaşlar özləri-özlərinə tibbi müayinəni təşkil edirlər. Məsələn, maqnit rezonans tomoqrafiya hazırda geniş yayılıb. Hər bir vətəndaş “Qaynar xətt”ə müraciət edərək bu xidmətdən istifadə etmək istədiyini bildirir. Amma təəssüf ki, onun əks göstərişləri, zərəri barədə əhalidə məlumat yoxdur. Əhali üçün hansısa müayinəyə təyinat həkim-mütəxəssis tərəfindən verilməlidir ki, sonradan heç bir problemlər olmasın”.