...

Bilik Fondu Biləsuvar və Ağsuda mühazirələr təşkil edib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2017 16:39 (UTC +04:00)
İnteraktiv formada keçən mühazirələrdə mütəxəssislər yerli sakinlərin çoxsaylı suallarını cavablandırıblar.
Bilik Fondu Biləsuvar və Ağsuda mühazirələr təşkil edib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov və Bakı Dövlət Universitetinin kafedra müdiri Əlizadə Məmmədovun, Ağsuda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Dövlət Universitetinin professoru Əmir Əliyevin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələri təşkil olunub.

Fondda Trend-ə verilən məlumata görə, Biləsuvar Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə qazanılmış uğurlar barədə məlumat verən Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ideoloji istiqamətdə maariflənmənin mahiyyətini vurğulayaraq, Bilik Fondunun bu sahədə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. Fondun mühazirəçisi Nahid Məmmədov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda söylədiyi mühazirədə son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən danışıb.

Bilik Fondunun təşkilatçılığı ilə Biləsuvarda daha bir mühazirə 4 nömrəli tam orta məktəbdə təşkil olunub. Yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova açaraq, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda yaranan stabillik, xalqın dövlətə inamı, vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi barədə məlumat verib. “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edən Əlizadə Məmmədov Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ilə Azərbaycanın davamlı inkişafının təməlini qoyduğunu vurğulayıb.

Ağsu Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əhaliyə Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin çatdırılması üçün Fondun apardığı maarifləndirici mühazirələrin əhəmiyyətindən bəhs edib. Fondun mühazirəçisi Gündüz İsmayılov müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verərək, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyini vurğulayıb.

Ağsunun Çiyni Kənd Mədəniyyət Evində kənd sakinləri üçün “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda növbəti mühazirə keçirilib. Mühazirəçi Əmir Əliyev ölkə başçısının yürütdüyü daxili və xarici siyasətdən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən ətraflı bəhs edib.

İnteraktiv formada keçən mühazirələrdə mütəxəssislər yerli sakinlərin çoxsaylı suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti