...

Nazirlik işçiləri 14 nəfərlik dəstə üzvləri tərəfindən döyülüb (FOTO)

Cəmiyyət Materials 3 İyul 2017 18:40 (UTC +04:00)
Xidməti vəzifələrini yerinə yetirərkən meşəçilərə ağır bədən xəsarətləri yetirilib.
Nazirlik işçiləri 14 nəfərlik dəstə üzvləri tərəfindən döyülüb (FOTO)

Bakı. Trend:

İyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin "Qaz 66" markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq, həmin şəxslərdən ağacları kəsmələrini dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb (şəkillər). Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.

Məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Bu şəxslər dəfələrlə qəsdən meşə işçilərindən ETSN-yə şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə etdikləri qanunsuzluqlarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti