...

Əlilliyi olan şəxslər istirahət mərkəzinə göndərilib (FOTO)

Cəmiyyət Materials 14 Avqust 2017 12:10 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, daha 50 nəfər əlilliyi olan şəxs Quba rayonundakı istirahət mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əlilliyi olan şəxslərin yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması, onların, o cümlədən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib. Qeyd olunub ki, bu tədbirlərin bir istiqaməti də əlilliyi olan insanların yaz-yay mövsümündə respublikamızın səfalı guşələrində istirahətinin təşkil edilməsinə yönəlib. Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.

Bu ilin may ayından, yəni yaz-yay mövsümü başlanandan bəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 1015 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib. Onlardan 400 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, qalan hissəsinin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub. Həmin şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması da xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

İstirahətə göndərilən əlilliyi olan şəxslər dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, maddi təminatlarının və tibbi-sosial reabilitasiya imkanlarının artırılması üçün aparılan işlərdən razı qaldıqlarını bildiriblər. Əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya, o cümlədən yaz-yay mövsümündə ölkəmizin gözəl təbiətə malik bölgələrində istirahət etmələrinə şərait yaradıldığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti