...

Qəbələdə meşə yanğınların söndürülməsinə dair müşavirə keçirilib

Cəmiyyət Materials 4 Sentyabr 2017 19:07 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 4-də Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar rayonun Dandıx kəndinin ərazisində yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, əməliyyat müşavirəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin rəhbər şəxsləri, Qəbələ rayon icra hakimiyyətinin başçısı, aidiyyəti dövlət qurumlarının və rayonunun hüquq mühafizə orqanlarının nümayəndələri iştirak edibdir.

Əməliyyat müşavirəsində qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məruzə ilə çıxış edərək bildirmişdir ki, hazırda yanğınların söndürülməsi işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Görülən operativ tədbirlər nəticəsində yanğın nəzarət altına alınmışdır. Abrıx kəndi yaxınlığındakı dağın meşə massivində yanğının söndürülməsi məqsədilə zirvəyə doğru 9 kilometr uzunluğunda yollar açılmış və texnikanın hərəkətinə şərait yaradılmışdır. Yanğının ətraf kəndlərə və yaşayış məntəqələrinə keçməməsi üçün bütün zəruri tədbirlər görülür. Yanğınsöndürmə avtomobilləri ərazilərdə fasiləsiz olaraq növbə çəkir. E.Mirzəyev məlumat vermişdir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 200 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəliftəyinatlı texnikası, 30 nəfər polis əməkdaşı və 2 təcili tibbi yardım avtomobili və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.

Əməliyyat müşavirəsinin sonunda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğının tez bir zamanda söndürülməsi məqsədilə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Nazir Kəmaləddin Heydərov yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin şəxsi heyətinin sayının 630-a, texnikanın sayının isə 51-ə çatdırılması barədə göstəriş vermişdir. Eyni zamanda rayonun hüquq mühafizə orqanları nümayəndələrinə baş vermiş yanğın hadisələrinin araşdırılması üçün zəruri tədbirlər görmələrinin vacibliyini diqqətə çatdırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti