...

AGF baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 2 Dekabr 2017 12:33 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.
AGF baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib (FOTO) (YENİLƏNİB)

Split. Trend:

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

Trend-in məlumatına görə, bu gün Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezidenti seçkilərində o, daha çox səs yığıb.

Belə ki, F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

2009-cu ildən İttifaqa fransız Jorj Gelzek (Georges Guelzec) rəhbərlik edir.

Seçkilərdən əvvəl konqresdə çıxış edən F.Qayıbov qeyd edib ki, artqı 15 ildir ki, gimnastika sahəsində işləyir:

"Mən Dünya kubokları, Avropa çempionatları kimi iri yarışların, eləcə də müxtəlif beynəlxalq kursların icraçı direktoru olmuşam. Mən həmçinin ölkəmizdə keçirilən dünya çempionatlarının, I Avropa oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsində aktiv iştirak etmişəm".

F.Qayıbov qeyd edib ki, bu il AGF üçüncü il ard-arda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) fəxri federasiyaları siyahısına daxil edilib:

"Siz məni həmçinin Direktorlar Şurasına və UEG-in vitse-prezidenti vəzifəsinə seçmisiniz. Bu vəzifədə mən marketinq üzrə məsul şəxs idim. Bu müddət ərzində UEG-in maliyyə vəziyyəti düzəlib. Bir çox federasiya bu sazişdən bəhrələnib. Mənim tərəfdaşlarımızın sayının artırılması ilə bağlı planlarım var. Bu il "SmartScoring" şirkətindən olan tərəfdaşlarımız idman və bədii gimnastika, aerobika və akrobatika üzrə Avropa çempionatlarında ödənişsiz işləyib. Hər çempionatla müsbət rəylərin sayları da artır. Bu onu bildirir ki, biz hər dəfə daha da təkmilləşirik. Tərəfdaşlarımız sayəsində insanlar ilk dəfə canlı şəkildə çıxışları yavaşladılmış rejimdə görə bildilər və real vaxtda televiziya qrafikləri ilə nəticələri gördülər. Onlar eyni mənbədə yarışların proqramını, eləcə də reytinqi görə bildilər".

Onun sözlərinə görə, bu ona gətirib çıxardı ki, minlərlə insan yarışlara eyni anda baxdı. AGF-in baş katibi Avropada gimnastikanın inkişafı üçün əlindən gələni edəcəyini deyib: "Fikirləşirəm ki, UEG-ə rəhbərlik etmək üçün mənim kifayət qədər təcrübəm var. Amma mən bunu tək edə bilmərəm, bu mümkün deyil. Ona görə də mənə sizin köməyiniz lazımdır. Mənə sizin dəstəyiniz lazımdır. Əgər uğura nail olsaq, mən Avropada işləyəcəyəm. İnanın, mənim haradan və hansı dindən olduğumun heç bir əhəmiyyəti yoxdur".

Gimnastika sahəsində problemlərə toxunan F.Qayıbov kiçik federasiyalarda büdcə problemini qeyd edib: "Biz onlara necə kömək edə bilərik? Onların gimnastları beynəlxalq yarışlara göndərmək üçün pulları yoxdur. Fikrimcə biz, bu problemlərlə məşğul olacaq xüsusi komissiya yaratmalıyıq. Bəlkə də biz güclü gimnastika ölkələri nümayəndələrinin təmsil olunacağı digər komissiya da yaratmalıyıq. Bu mümkündür. Biz öz probemlərimizi bilirik və onların həlli yollarını tapa bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti