...

"Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə" konfransı keçirilir (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2017 10:50 (UTC +04:00)
Bakıda "Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə" konfransı keçirilir.
"Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə" konfransı keçirilir (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

Bu gün Bakıda Azərbaycan Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə əməkdaşlığı ilə “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend-in məlumatına görə, konfrans bir sıra ölkələrdən – Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə aparılır və əsas məqsədi əqli mülkiyyət hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verilməsidir.

Yığıncağın məqsədi ilk növbədə yaşadığımız dövrün texnoloji dəyişikliklərindən irəli gələn və əqli mülkiyyətin qarşısına qoyulan çağırışlarla bağlıdır. Yaranan yeni reallıq bütün sahələrdə “rəqəmli imperativ”in, rəqəmsal inqilabın nəticələrini nəzərə almaq tələblərini irəli sürür. Özü də rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon bayt həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90%-i yalnız son 2 ildə yaradılıb. Bu şəraitdə əqli mülkiyyətin dövriyyəsinə aid üsullar və alqoritmlər, hüquqların müdafiəsi ilə bağlı ənənəvi tədbirlər rəqəmli mühitdə mexaniki surətdə tətbiq oluna bilmir. Üstəlik, qorunan ənənəvi əsər və rəqəmsal şəklə çevrilən, yəni qorunan kontent arasında fərq var. Bir tərəfdən, kontent informasiya təbiətinə görə özünə xas olan dövriyyəni təşkil edir və qaydalarla yaşayır, digər tərəfdən isə müəlliflik hüququ ilə qorunan əsərin forması zəifləyir və kontentin mahiyyətinə uyğun olaraq, əsərin məzmununun rolu artır.

“İnternetin açıqlığı – ƏMH-nın qorunması” sistemində müasir texnologiyalar tarazlığı pozaraq, istifadəçilərin mövqelərinin üstünlüyünə, hüquq sahiblərinin isə zəifləməsinə gətirib çıxarır.

Beynəlxalq səviyyədə piratçılığa qarşı mübarizə illər boyu gedir, lakin dünya miqyasında həyata keçirilən tədbirlər, o cümlədən hüquqi addımlar hələlik istənilən səmərəliliyi vermir: hüquqlar pozulmaqda qalır.

ICC (Beynəlxalq Ticarət Palatası) tərəfindən yaradılan BASCAP (Piratçılığa və kontrafaktçılığa qarşı Biznes-Koalisiya) və INTA (Əmtəə Nişanları üzrə Beynəlxalq Assosiasiyası) 2017-ci il tədqiqatlarına əsasən, əgər 2011-ci ildə pirat və kontrafakt məhsulların həcmi ildə 650 mlrd. ABŞ $-a çatırdısa, 2015-ci ildə bu rəqəm 1,8 trln. ABŞ $-a qədər artıb.

Azərbaycanda aparılan islahatlar əqli mülkiyyət sahəsinə öz müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur. Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib.

“Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq, yenə də MDB məkanında liderdir.

Prezident İlham Əliyevin səyləri ilə ölkədə aparılan institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla bugünkü konfransda iştirak edir. Belə ki, Agentlik dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

Azərbaycanın müasir müəllif-hüquq qanunvericilik bazası 5 qanundan (o cümlədən “ƏMH təminatı və piratçılığa qarşı mübarizə” haqqında Qanun), 100-ə qədər normativ-hüquqi sənədlərdən ibarətdir. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötüb, orta dünya səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşmüşdür.

Azərbaycanın rastlaşdığı bir xüsusi növ piratçılıq – erməni-hay plagiatçılığından, mənimsəmə və özününküləşdirməsindən və saxtakarlıqlarından gedir. Bir sözlə, söhbət xalqa məxsus olan əqli mülkiyyətin qorunmasından gedir.

Bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də «mədəniyyətlərarası inteqrasiya prosesi»nin təzahürü deyildir. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların güya Cənubi Qafqaz regionunun “avtoxton”, «ən qədim köklü sakinləri» olmasına, «Böyük hay mədəniyyəti», «Böyük Ermənistan» xülyasının gerçəkləşdirilməsinə dair saxta «faktoloji materiallar» toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Hay-erməni saxtakarlıqlarını və uydurmalarını və erməniçilik mifomaniyasını qədim mətnlər və klassik mənbələrdəki tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyası davam etdirilməlidir. Agentlik onlarla kitab və broşürlər hazırlayaraq, mütəxəssis və cəmiyyət nümayəndələri arasında paylaşdırıb.

Müəllif Hüquqları Agentliyinin Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni Nizamnaməsində vacib fəaliyyət istiqaməti kimi “əqli mülkiyyət hüquqları obyektlərinin, o cümlədən Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi” nəzərdə tutulub. Eyni zamanda, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının folklor nümunələrinin qorunması haqqında konvensiyasının tezliklə qəbul edilməsinin tərəfdarıdır və Agentliyin nümayəndələri bu məsələnin həllinin fəal iştirakçılarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti