Bakı. İlhamə İsabalayeva - Trend:
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Horadiz şəhərində əhaliyə tibbi yardım göstərib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası indiyədək Tovuz, Gədəbəy, Xaçmaz və digər rayon və şəhərlərdə pasiyentlərə xidmət göstərib:
"Horazdizdə aksiyanın keçirilməsi onun 1994-cü ildə Azərbaycan Milli Ordusu tərəfindən erməni işğalından azad edildiyi yanvarın 5-i tarixinə təsadüf edir. Heydər Əliyevin Ali Baş Komandanlığı ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Horadizin düşməndən azad olunma tarixini Horadiz sakinləri ilə birgə qeyd etdiyimiz üçün bu gün Milli Oftalmologiya Mərkəzi üçün də tarixi gün olub".
Y.Abdiyeva onu qeyd edib ki, belə aksiyaların keçirilməsi göz xəstəliklərinin qarşısını almağa böyük kömək edir:
"Ətraf mühitdən məlumatların 90%-ni göz vasitəsilə alırıq. Olduqca həssas olan göz zaman-zaman xəstələnir, zəifləyir. Onu vaxtında müayinə və müalicə etmədikdə həlli çətin olan problemlər yaranır. Bəzən elə problemlər olur ki, onların müalicəsi mümkünsüz olur. Buna görə də oftalmoloqlar bu gün korluğun, zəif görmənin və digər xəstəliklərin qarşısını almaq üçün əvvəlcədən bir sıra profilaktik tədbirlər görür. Bu da sözsüz ki, öz səmərəsini verir".
Horadizdə keçirilən aksiya zamanı 200-dən çox sakin müayinə olundu, 20 xəstə üzərində cərrahiyyə əməliyyatı yerinə yetirilib.