...

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabı təqdim olunub (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2018 10:58 (UTC +04:00)
Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Səbinə Mirzəyevanın "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabı fəxri qonaqlara və media nümayəndələrinə təqdim edilib.
"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabı təqdim olunub (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Səbinə Mirzəyevanın "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabı fəxri qonaqlara və media nümayəndələrinə təqdim edilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində Milli Məclisin deputatı Qənirə Paşayeva, bir çox həkimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Q.Paşayeva Azərbaycan dilində belə kitabların çap edilməsinin çox zəruri olduğunu qeyd edərək "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının əhəmiyyətindən danışdı.

Kitab haqqında məlumat verən S.Mirzəyeva bildirib ki, "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabda gələcək anaya hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib.

Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar.

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitab öz missiyasını layiqincə yerinə yetirəcək və bütün hamilələrin şübhədolu fikirlərlə və cavabını bilmədikləri suallarla beyinlərini yormasına imkan verməyəcək.

Kitab müəllifi deyib ki, xanımlarımız hamilə olduqlarını öyrəndikləri gündən körpələrini qucaqlarına aldıqları günə qədər bu kitabı oxuyacaqlar. Onlar bununla həm mədəni istirahət etmiş olacaq, həm də ana olmağa hazırlıq mərhələsinə tam qüvvə ilə daxil olacaqlar. "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabın ərsəyə gəlməsində durmadan inkişaf edən səhiyyəmizin rolunu da mütləq qeyd etmək lazımdır:

“Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə bilavasitə ümummili liderimiz Heydər Əliyevin himayəsində olub. Ulu öndərimiz səhiyyəmizin misilsiz yüksəlişini, əsrlərcə irəliləmək iqtidarında olan tərəqqisini təmin edib və bu siyasət bu gün də uğurla davam etdirilir. Dövlətin səhiyyəyə göstərdiyi qayğısı biz həkimlərdə böyük bir məsuliyyət hissi oyadıb. Bunun nəticəsidir ki, bu gün biz belə bir kitab dərc olunub”.

Xatırladaq ki, Dr. Səbinə Mirzəyeva 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “Yüksək riskli hamiləlik və doğuş” üzrə təhsil proqramına yiyələnib. O, hazırda Baku Medical Plazada cərrah mama-ginekoloq vəzifəsində çalışır.

Xəbər lenti

Xəbər lenti