...

Uşaqları avtomobillərdə tək saxlamaq olarmı? - ARAŞDIRMA

Cəmiyyət Materials 19 Yanvar 2018 07:42 (UTC +04:00)
Əksər hallarda küçə kənarlarında park edilmiş avtomobillərdə uşaqların tək qalması halları ilə rastlaşırıq.
Uşaqları avtomobillərdə tək saxlamaq olarmı? - ARAŞDIRMA

Bakı. İlhamə İsabalayeva – Trend:

Əksər hallarda küçə kənarlarında park edilmiş avtomobillərdə uşaqların tək qalması halları ilə rastlaşırıq. Hər hansı iş səbəbi ilə uşağını avtomobildə nəzarətsiz qoyan və qısa müddətdə dönəcəyini söyləyən valideyn elə həmin zaman kəsiyində bu riski üzündən övladının başına gələ biləcək bədbəxt hadisə ehtimalları barədə düşünmür. Uşaqlar üçün real təhlükənin baş verməsinə zəmin yaradan belə hallar valideyn məsuliyyətsizliyinin bir nümunəsidir.

Rusiyada belə halların qarşısını almaq üçün avtomobil salonlarında 7 yaşadək uşaqların tək saxlanılmasına qadağa qoyulub. Bununla bağlı ölkə qanunvericliyinə edilmiş dəyişikliyin məqsədi uşaqların təhlükəsizliyini təmin etmək və valideynlərin məsuliyyətini artırmaqdır.

Yeri gəlmişkən qeyd edək ki, ötən il Türkiyədə maşında tək qalan 2 uşaq dünyasını dəyişib. Hadisələrin hər ikisi birbaşa valideynlərin məsuliyyətsizliyi səbəbindən olmasa da, böyüklərin məsuliyyətsizliyi, diqqətsizliyi səbəbindən baş verib. Belə ki,Türkiyənin İzmir şəhərində 3 yaşlı uşaq məktəbəqədər müəssisənin maşınında yaddan çıxaraq qalıb və nəticədə uşaq havasızlıqdan dünyasını dəyişib. Digər oxşar hadisə isə Türkiyənin Şanlıurfa adlanan bölgəsində baş verib. Böyüklərin nəzarətindən yayınan 4 yaşlı uşaq əmisinin avtomobilinə girərək burada yatıb və sonda havasızlıqdan dünyasını dəyişib.

Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, xoşbəxtlikdən Azərbaycanda indiyədək avtomobildə tək qalan uşaqların başına hər hansı bədbəxt hadisə gəlməyib. Bununla belə, uşaqların avtomobildə tək saxlanılmasını çox təhlükəli sayan deputat uşaqların nəinki maşınlarda, eləcə də bütün yerlərdə nəzarətsiz qoyulmasını düzgün saymayıb: "Uşaq tək qaldıqda özü qapını açaraq hara isə gedə bilər. Digər tərəfdən, valideynlər isti günlərdə kondisioneri işlədə-işlədə qoyub gedirlər. Bu da uşağın zəhərlənməsi baxımından çox təhlükəlidir. Bütün bunları nəzərə almaqla demək olar ki, uşağı yalnız avtomobildə deyil, ümumiyyətlə, bütün yerlərdə nəzarətsiz qoymaq olmaz”.

M.Quliyev əlavə edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı məsələlər qanunvericlikdə öz əksini tapıb.

Onun sözlərinə görə, Azərbaycanda qanunvericilikdə uşağın nəzarətsiz qalmasına görə cərimə sanksiyasının olması alqışlanan haldır.

Deputat bu fikirdədir ki, bu, həm uşağı qorumaq üçün atılan, həm də valideynin məsuliyyətini artıran bir maddədir.

Ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində avtomobillərin salonlarında uşaqların tək saxlanılması ilə bağlı qadağa yoxdur.

Belə bir qadağanın olmamasını həmin məsələnin indiyədək gündəmə gətirilməməsi, aktuallaşdırılmaması ilə izah edən Ə.Hüseynov əlavə edib ki, belə bir qadağanın qoyulması məsələsinə gələcəkdə baxmaq olar.

Avtomobillərdə uşaqların tək saxlanılmasını azyaşlıların həyatı üçün böyük risk sayan ekspert bu məsələdə valideynlərin, böyük yaşlıların öz məsuliyyətini başa düşməsini vacib sayıb:

“Valideynlər, böyüklər uşağı avtomobildə tək qoymalı deyillər. Getdikləri zaman uşağı da özləri ilə götürməlidirilər. Avtomobillərdə uşaqların nəzarətsiz qalması onların özləri üçün çox böyük təhlükədir. Çünki avtomobildə hər hansı nasazlıq, yanğın və digər hadisələr baş verə bilər. Bu zaman da uşaq köməksiz vəziyyətdə qala bilər. Digər tərəfdən, uşaq avtomobildə tək qaldıqda onun işinə müdaxilə edə və avtomobili duracaq vəziyyətindən çıxara bilər. Yaşı 7-dək olan uşaqlar bunu asanlıqla edə bilərlər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Trend-ə bildirib ki, Azərbaycan qanunvericliyinə görə, 15 yaşadək uşaqların sürücünün yanında əyləşməsi qadağandır: "Əgər yaşı 15-dək olan uşaq sürücünün yanında əyləşibsə, bu zaman sürücü 30 manat cərimə olunur. Yaşı 12-dək (12 yaş da daxil olmaqla) olan uşaqların arxa oturacaqda əyləşməsi üçün xüsusi oturacaq olmalı və belə yaşda olan uşaqlar üçün xüsusi təhlükəsizlik kəmərindən istifadə olunmalıdır. Buna əməl etməyən valideynlər İnzibati Xətalar Məcəlləsi əsasında 3 bal və ya 60 manat cərimələnirlər".

Konkret olaraq, avtomobildə uşaqların nəzarətsiz saxlanılmasına gəldikdə, A.Veysəlova qeyd edib ki, Azərbaycan qanunvericiliyində valideynlər üçün təkcə bu hala görə məsuliyyət müəyyənləşdirilməyib: "Qanunvericilikdə ümumilikdə uşaqların təhlükəli şəraitdə saxlanılmasına görə valideyn məsuliyyətləri müəyyənləşdirilib. Valideyn məsuliyyəti Azərbaycan Respublikası Konstitusiyası, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənir. Uşaqların, xüsusilə həddi-buluğa çatmamış azyaşlıların nəzarətsiz qoyulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində, eyni zamanda Cinayət Məcəlləsində valideynlər üçün məsuliyyət növləri müəyyən olunur. Məsələn, ana 1 saatlıq mağazaya getdiyini deyir. Bu saatda da uşaq oyanır, qazı açır, qazın iyi mənzilə dolur və uşaq zəhərlənir. Yaxud hər hansı istirahət yerində valideyn uşağı nəzarətsiz oynamağa göndərirsə, sonra hər hansı hadisə baş verirsə, bu hala görə də valideyn məsuliyyət daşıyır. Çünki uşaq valideyninin müşayiəti altında oynamalıdır. Yalnız avtomobil salonunda tək qalmağa deyil, bütün bu hallara görə İnzibati Xətalar Məcəlləsində olan maddədə qeyd edilir ki, uşağın təhlükəsizliyi üçün valideyn məsuliyyət daşıyır, bu məsuliyyəti yerinə yetirmədikdə cərimələnir”.

A.Veysəlova qeyd edib ki, təəssüf ki, hələ də uşaqların nəzarətsiz qalması hallarına rast gəlinir: "Qanunvericilikdə uşaqların təhlükəsizliyi məsələsi öz əksini tapıb. Uşaqlarla bağlı qanunvericilik təkmilləşdirilir. Amma eyni zamanda, valideynlər arasında hüquqi maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac var. Çünki bir çox hallarda valideynlər etdikləri məsuliyyətsizliklərə görə onları hansı məsuliyyətlərin gözlədiyini bilmirlər. Biz məktəblərdə valideynlərlə görüşlər keçirəndə bunu bir daha müşahidə edirik. Bu məsələlərlə əlaqədar fəaliyyəti daha da gücləndirmək üçün xüsusi broşuralar hazırlamışıq və onları məktəblərdə valideynlərə paylayırıq”.

A.Veysəlova əlavə edib ki, Azərbaycanda valideyn məsuliyyətsizliyi dedikdə, bir çox hallarda bunun yalnız anaya şamil olunduğunu fikirləşirlər: “Lakin valideyn məsuliyyəti yalnız anaya aid deyil. Burada atanın da məsuliyyəti var. Bəzən görürsən ki, uşaq hər hansı təhlükə ilə üzləşdikdə günahkar olaraq, ən çox ana qınaq obyektinə çevrilir. Burada hər iki valideynin məsuliyyəti eynidir. Əgər ana evdə hər hansı işlə məşğul olursa, bu zaman ata uşağı təhlükədən qorumaq üçün ona nəzarət etməlidir”.

Xəbər lenti

Xəbər lenti