...

Hərbi ekspert: Ermənistana indi verilən “Kornet” raketləri Azərbaycan Ordusunda 10 ildir var (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2018 18:22 (UTC +04:00)
Ermənistana bu gün verilən “Kornet” raket kompleksləri Azərbaycan Ordusunun silahlanmasına on il bundan əvvəl qəbul edilib.
Hərbi ekspert: Ermənistana indi verilən “Kornet” raketləri Azərbaycan Ordusunda 10 ildir var (FOTO)

Bakı. Trend:

Ermənistana bu gün verilən “Kornet” raket kompleksləri Azərbaycan Ordusunun silahlanmasına on il bundan əvvəl qəbul edilib.

Trend-in məlumatına görə, bu fikri Ermənistan mətbuatının “Kornet E” TƏRK-nin alınması ilə bağlı yaydığı məlumatı şərh edərkən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tank əleyhinə raket komplekslərinin (TƏRK) daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz:

"Bu məlumatın özü də yeni deyil. Erməni tərəfi buna bənzər xəbərləri vaxtaşırı yeni məlumat kimi təqdim etməklə bu ölkənin korrupsiyaya bulaşmış hərbi rəhbərliyinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək və bir növ bəraət qazandırmağa çalışır. Hələ 2015-ci ilin yayında Rusiyadan alınan 200 milyon dollar məbləğində hərbi kredit bu günədək Ermənistana tam şəkildə təqdim edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistan rəhbərliyi onsuzda bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə böhranına düçar edir və nəticədə vəziyyətdən çıxmaq üçün ölkənin sənaye müəssisələrini Rusiyadan asılı vəziyyətə salmaq məcburiyyətində qalır.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfinin yeni silahlar alması barədə mediada istənilən məlumat veriləndən dərhal sonra Ermənistan mətbuatı da yeri gəldi-gəlmədi buna bənzər xəbərlə çıxış edir".

Ekspert bildirib ki, keçən əsrin 80-90-cı illərində istehsal edilən “Kornet” TƏRK-ləri əgər Ermənistan ordusunun silahlanmasına indi daxil edilirsə, bu silah növü hələ 10 il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində mövcud idi və ordumuzun keçirdiyi təlimlərdə də həmin silahlardan dəfələrlə istifadə olunub:

"Hətta onu da deyim ki, Azərbaycan Silahlı Qüvvələrində bu nəsil silahların yeni modifikasiyaları da var. Özü də arsenalımızda olan həmin silahlar keyfiyyət və kəmiyyət baxımından daha üstün gücə malikdir. Bu baxımdan da Ermənistandakı “Kornet E” kompleksləri bölgədəki qüvvələr balansına heç cür təsir etmək imkanına malik deyil. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun silahlanmasına külli miqdarda maliyyə vəsaiti ayrılır. Hərbi sənaye sahəsində böyük təcrübəyə malik müxtəlif dövlətlərdən dəqiq zərbə endirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi texnika və döyüş vasitələri alınır. Məhz bu amil işğalçı dövləti qorxu içərisində saxlayır. Düşmən tərəfi çox yaxşı anlayır ki, gec-tez torpaqlarımızı tərk etməyə məcbur olacaqlar. Bu, nə qədər tez baş verərsə, Ermənistan dövləti və onun əhalisi üçün bir o qədər məqbul olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti