...

Novruz bayramı Bolqarıstan mətbuatında (FOTO)

Cəmiyyət Materials 23 Mart 2018 20:32 (UTC +04:00)
Azərbaycan xalqının zəngin adət-ənənələrini özündə cəmləşdirən, milli mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan Novruz bayramı Bolqarıstanın çoxsaylı oxucu kütləsinə malik kütləvi infomasiya vasitələrində geniş işıqlandırılıb.
Novruz bayramı Bolqarıstan mətbuatında (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının zəngin adət-ənənələrini özündə cəmləşdirən, milli mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan Novruz bayramı Bolqarıstanın çoxsaylı oxucu kütləsinə malik kütləvi infomasiya vasitələrində geniş işıqlandırılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Bolqarıstan Teleqraf Agentliyi, “Fokus” Xəbər Agentliyi və “Qara və Ağ” jurnalının rəsmi internet səhifələrində dərc olunan xəbərlərdə Novruz bayramının tarixi, əhəmiyyəti, adət-ənənələri, xalqımız tərəfindən onun təntənəli şəkildə qeyd edilməsi barədə hərtərəfli məlumat verilib.

Xəbərlərdə Novruz bayramının həqiqətən təbiətin oyanışına sirayət etdiyi və onun dörd elementi - su, od, torpaq və hava ilə bağlı olduğu qeyd olunub, Novruzun demokratik fəlsəfəsinə görə Azərbaycan xalqı tərəfindən sevildiyi, bu bayramın təkcə yaz gecə-gündüz bərabərliyinin qeyd edilməsi deyil, insanların bərabərliyinin bayramı olduğu ifadə olunub. Məhz Novruz fəlsəfəsinin əsasında birliyin dayandığı, bu bayramın müxtəlif sosial təbəqədən olan insanları bir araya gətirərək onlar arasında qarşılıqlı anlaşma və birliyi möhkəmləndirdiyini qeyd olunub və mahiyyəti etibarı ilə çox böyük ailə bayramı olduğu vurğulanıb.

Məlumatlarda Novruz bayramının ayin və mərasimləri barədə məlumat verilib, onlardan tonqal yandırma mərasiminə toxunularaq onun şəfaverici, aydınlaşdırıcı mahiyyətindən bəhs olunub, insanların öz dərdlərini, ağırlığını tonqalın üstündə yandıraraq arınmış, durulmuş bir rolla yeni günə, yeni həyata başladığı qeyd olunub.

Xəbərlərdə Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli hökmdar və şair Şah İsmayıl Xətayinin “Dəhnamə”sində Novruz fəlsəfəsinin əks olunmasından, Qobustan təsvirlərinin Novruzun Azərbaycandakı qədim köklərini sübutu etməsindən bəhs olunub, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində bu bayramın geniş bədii təsvirinin öz əksini tapması vurğulanıb. Daha sonra BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz günü” kimi elan olunduğuna diqqət çəkilərək BMT-nin sabiq Baş katibi Ban Ki-munun Novruz barədə fikirlərinə yer verilib.

Bolqarıstan KİV-i Azərbaycan və bolqar xalqlarının sevimli bayramları - Novruz ilə “Baba Mart”a bayramlarının oxşar cəhətlərinə də toxunaraq hər iki bayramın mart ayında keçirilməsini xatırladıb və onların təbiətin yeni dövrə qədəm qoymasını təsvir etdiklərini ifadə edib.

Xəbərlərdə Azərbaycanın Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən Novruz bayramına həsr olunan tədbir barədə məlumat verilərək Azərbaycan milli mətbəxinin ləziz təamları, Novruzun rəmzləri olan şirniyyatlardan və Azərbaycan caz musiqiçilərinin əsərlərinin səsləndirilməsindən bəhs olunub. Ardınca Bolqarıstan Baş nazirinin müavini və xarici işlər naziri Ekaterina Zaxariyeva və Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən Səfirliyə təbrik məktublarının ünvanlandığı xatırladılıb.

Sonda isə “Buta Airways” aşağı büdcəli aviaşirkəti tərəfindən Bakı-Sofiya birbaşa aviareysi üzrə uçuşların həyata keçirilməsindən danışılaraq bolqar turistlərin Novruz bayramı, eləcə də onun maraqlı adət və ənənələri ilə məhz Azərbaycanda tanış olması imkanı barədə oxuculara məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti