...

Nazir: Ötən il Azərbaycana gələn xarici turistlərin sayı 24 faiz artıb

Cəmiyyət Materials 5 Aprel 2018 00:08 (UTC +04:00)
Aprelin 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib
Nazir: Ötən il Azərbaycana gələn xarici turistlərin sayı 24 faiz artıb

Bakı.Trend:

Aprelin 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı nazir Əbülfəs Qarayev ali qonağı Azərbaycanda görməkdən məmnunluğunu ifadə etdi. Nazir ölkədə turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə geniş məlumat verdi və bu işlərin məntiqi nəticəsi olaraq ötən il ərzində Azərbaycana gələn turistlərin sayının 24 faiz artdığını qeyd edib. Həmçinin, Azərbaycana müxtəlif ölkələrdən turist səfərlərinin təşkil olunduğunu, hər bir seqment üzrə turizmin müxtəlif növlərinin inkişaf etdiyini bildirib. Azərbaycanın regional turizmin inkişafında da olduqca maraqlı olduğunu qeyd edən nazir, uzaq ölkələrdən səfər edən turistlər üçün Azərbaycan-Türkiyə-Gürcüstanı əhatə edən İpək Yolu turizm marşurtunun təklif olunduğunu vurğuladı.

Daha sonra turizmdə kadr hazırlığından danışıldı və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında ali qonağa məlumat verildi. Eyni zamanda qeyd olundu ki, bu universitet Avstriyanın nüfuzlu Krems Universiteti ilə əməkdaşlıq edir və Kremsin proqramı əsasında tədris həyata keçirilir.

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının baş katibi kimi Azərbaycana ilk səfərinin 5-7 aprel tarixində ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisinə təsadüf etdiyindən məmnunluğunu ifadə etdi.

Baş katib dünya turizmində Azərbaycana marağın artdığını bildirmişdir. Həmçinin qeyd olundu ki, Azərbaycan BMÜTT-da olduqca aktiv təmsil olunur və bu təşkilatın layihələrində yaxından iştirak edir. Eləcə də Zurab Pololikaşvili Azərbaycanda turizm infrastrukturunun inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq gələcəkdə Azərbaycana gələn turistlərin artacağından əminliyini ifadə etdi.

Daha sonra Azərbaycan və BMÜTT arasında ölkədə turizm sahəsinin inkişafı ilə bağlı görülən işlərdən danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti