...

Səlim Müslümov: Özünüməşğulluq proqramında iştirak edəcək şəxslərdən artıq 2 mindən çoxu təlim kurslarını başa çatdırıb

Cəmiyyət Materials 5 Aprel 2018 15:44 (UTC +04:00)
Cari ildə də özünüməşğulluq proqramının icrası işləri müvafiq qrafik əsasında davam etdirilir.
Səlim Müslümov: Özünüməşğulluq proqramında iştirak edəcək şəxslərdən artıq 2 mindən çoxu təlim kurslarını başa çatdırıb

Bakı. Trend:

Cari ildə də özünüməşğulluq proqramının icrası işləri müvafiq qrafik əsasında davam etdirilir. Bu il həmin proqramda iştirak edəcək şəxslərdən artıq 2 min nəfərdən çoxu bununla əlaqədar ilkin mərhələ olaraq təlim kurslarını başa çatdırıb və hazırda biznes-planlarının hazırlanması işlərini aparırlar.

Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, sonrakı mərhələdə kursları bitirmiş şəxslərin özünüməşğulluq proqramı çərçivəsində fərdi təsərrüfatlarını qurmaq istədikləri iqtisadi fəaliyyət növü üzrə bilik və bacarıqlarının, hazırladıqları biznes-planların qiymətləndirilməsi aparılacaq: “Qiymətləndirmənin nəticələrinə əsasən onlar kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar. Yaxın vaxtlarda bu il proqrama cəlb olunacaq digər şəxslər üçün təlim kurslarına da başlanacaq”.

S.Müslümov özünüməşğulluq proqramının icrası işlərinin işsizlikdən sığorta fonduna toplanan vəsaitlər hesabına həyata keçirildiyini bildirib: “İlkin məlumatlara görə, cari ilin ilk üç ayı ərzində işsizlikdən sığorta fonduna daxil olan işsizlikdən sığorta vəsaitlərinin məbləği təqribən 12 milyon manatdan çoxdur. Sonrakı aylar üzrə işsizlikdən sığorta fonduna daxilolmaların tədricən artacağı da gözlənilir. Ümumilikdə daxilolmaların səviyyəsi demək olar ki, bizim proqnozlarımıza uyğundur”.

Xatırladaq ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş aktivlər hesabına 1200-dək kiçik ailə təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlar aztəminatlı ailələrin əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, beləliklə də öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə çıxışına imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti