...

Heydər Əliyev dühası: Azərbaycanın elektroenergetika strategiyası müasir çağırışlar kontekstində (FOTO)

Cəmiyyət Materials 10 May 2018 16:02 (UTC +04:00)
“Azərenerji” ASC-də ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev dühası: Azərbaycanın elektroenergetika strategiyası müasir çağırışlar kontekstində” adlı tədbir keçirilib.
Heydər Əliyev dühası: Azərbaycanın elektroenergetika strategiyası müasir çağırışlar kontekstində (FOTO)

Bakı. Trend:

“Azərenerji” ASC-də ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev dühası: Azərbaycanın elektroenergetika strategiyası müasir çağırışlar kontekstində” adlı tədbir keçirilib.

“Azərenerji” ASC-dən Trend-ə verilən məlumata görə, Səhmdar cəmiyyətin prezidenti Etibar Pirverdiyev tədbiri açaraq deyib ki, ümummilli liderin xatirəsinə dərin ehtiram göstərmək, onun dövlətçilik irsini qorumaq və zənginləşdirmək mənəvi borcumuzdur.

E.Pirverdiyev tədbirdə geniş məruzə ilə çıxış edib. O, ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, böyük lider, müdrik, uzaqgörən və cəsarətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu olduğunu, bütün həyatını və çoxşaxəli fəaliyyətini Vətənin tərəqqisinə, xalqın istək və arzularının gerçəkləşməsinə həsr etdiyini diqqətə çatdırıb.

“Ulu öndər Heydər Əliyev iki müxtəlif ictimai-siyasi quruluşda özünün liderlik istedadını sübuta yetirib. O, hər iki dövrdə Azərbaycanı tənəzzül və böhrandan xilas edərək, inkişaf yoluna çıxarıb. Heydər Əliyev həmişə ən düzgün siyasət aparıb, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edib,” – deyən E.Pirverdiyev ümummilli liderin hərtərəfli sosial-iqtisadi inkişafın mühüm amili kimi elektrik enerjisi sisteminə hər zaman diqqət göstərdiyini, onun gücləndirilməsi, təkmilləşdirilməsi üçün bütün zəruri tədbirləri gördüyünü bildirib. Qeyd edib ki, vaxtilə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə tikilib istifadəyə verilmiş “Azərbaycan” İstilik Elektrik Stansiyası indi də müstəqil dövlətimizin xidmətindədir.

Azərbaycanın dövlət müstəqilliyini ağır və mürəkkəb bir şəraitdə bərpa etdiyini, az müddətdən sonra isə itirmək təhlükəsi ilə qarşılaşdığını xatırladan E.Pirverdiyev xalqın təkidli tələbi ilə Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öz üzərinə götürdüyünü, müstəqilliyi qoruduğunu, demokratik, dünyəvi, hüquqi dövlət qurduğunu bildirib: “Möhkəm bünövrə üzərində qurulmuş Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolundadır. Bu inkişafı təmin edən xalq-iqtidar birliyidir. Bu il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bir daha göstərdi ki, müdrik xalqımız əbədiyaşar liderimiz Heydər Əliyev ideyalarına sadiqdir, bu ideyaları ardıcıllıqla və qətiyyətlə həyata keçirən lider kimi Prezident İlham Əliyevi tam dəstəkləyir”.

Ulu öndər Heydər Əliyevin başladığı işlərin, bütün sahələrdə olduğu kimi, elektrik energetikası sektorunda da uğurla davam etdirildiyini vurğulayan natiq Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 15 ildə ölkə daxilində enerji təminatının əsaslı şəkildə yaxşılaşdırıldığını, böyük infrastruktur layihələrinin icra olunduğunu, 30-dan çox elektrik stansiyasının tikildiyini, ölkəmizin hazırkı ümumi generasiya gücünün təqribən 6,5 min meqavat təşkil etdiyini və bunun da 3,9 min meqavatının 15 il ərzində ərsəyə gətirildiyini, Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini bildirib.

E.Pirverdiyev çıxışının yekununda ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin Azərbaycan xalqının tarixi irsi kimi əbədi yaşayacağını, ölkəmizin Heydər Əliyev yolu ilə getdiyini və bu yolun bizi inkişafa, rifaha, qələbələrə apardığını söyləyib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə çıxış edərək, ümummilli lider Heydər Əliyevin fəaliyyəti və xalq qarşısındakı xidmətlərinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi inkişafa təkan verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, ulu öndər müstəqil Azərbaycanın inkişaf modelini müəyyənləşdirərək, bir ictimai-iqtisadi formasiyadan digərinə keçidi, müstəqil dövlət quruculuğunun uğurunu təmin etdi. A.Mirzəzadə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən elektrik energetikası sahəsində aparılan islahatların ölkəmizi daha da gücləndirdiyini bildirib.

Azərbaycan ElmiTədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov isə çıxışında ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsindəki müstəsna xidmətlərindən, elm və təhsilin inkişafına, gənc mütəxəssislərin hazırlanmasına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, müstəqil Azərbaycanın bu günü kimi gələcəyi də Heydər Əliyev ideyalarının davamlı olaraq gerçəkləşdirilməsi ilə bağlıdır. Tədbirdə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin irsi daim öyrənilməli və nəsildən-nəslə ötürülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti