Bakı. İlhamə İsabalayeva - Trend:
Növbəti ildən Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.
Trend-in məlumatına görə, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, adıçəkilən ərazilərdə 2017-2018-ci tədris ili üzrə 1-ci sinfə qəbul elektron qaydada aparılır.
C.Bayramov bildirib ki, son illər ərzində ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsini artırmaq üçün kifayət qədər addımlar atılıb. Son 4 ildə ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə çatdırılıb.
Nazir əlavə edib ki, kurikulumla təhsil alanlar 2018-2019-cu il tədris mövsümündə 11-ci sinfə gedəcəklər: "İlkin tədqiqatlara əsasən, yeni proqramla təhsil alanların göstəriciləri əvvəlki şagirdlərin nəticələrindən aşağı deyil. Bir sıra fənlər üzrə məzmun və qiymətləndirməyə dair aparılan işlər Təhsil Nazirliyinin əsas tədqiqat marağındadır".
C.Bayramov qeyd edib ki, müəllim peşəsinin nüfuzunun artırılması üçün aparılan işlərin ilkin effekti artıq görünür: "Son 3 ildə müəllim işləmək üçün müraciət edənlərin sayında 300 faizlik artım var".
Nazir deyib ki, daha şəffaf idarəedicilərin seçilməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılması, 1-ci sinfə qəbulun elektron qaydada aparılması istiqamətində müvafiq addımlar atılıb.