...

Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq

Cəmiyyət Materials 13 Sentyabr 2018 12:29 (UTC +04:00)
Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq
Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq

Bakı. Trend:

“Azerbaijan Changing DiabetesTM Awards 2018” adlı layihə çərçivəsində yaradılmış müşavirə şurasının ekspertləri ölkədə şəkərli diabetlə mübarizə sahəsində fəaliyyət göstərən, bu istiqamətdə müxtəlif təşəbbüslərin müəllifi olan, şəkərli diabetlə mübarizədə innovativ yanaşmaların tətbiqi ilə fərqlənən, eləcə də maarifləndirmə işləri aparan insanların mükafatlandırılmasına qərar verib.

Trend-in məlumatına görə, müşavirə şurasının ekspertlərinin qərarı ilə “Azerbaijan Changing DiabetesTM Awards 2018” layihəsi çərçivəsində 4 nominasiya üzrə mükafatların təqdim olunacaq.

Hər nominasiyanın qalibi aşağıda göstərilən meyarlar üzrə müəyyənləşdiriləcək:

1. İlin Ən Yaxşı Həkimi

Bu nominasiyada şəkərli diabetlə bağlı elmi toplantılarda aktiv iştirak edən, pasiyentlərinin HbA1c (qlükozlaşdırılmış hemoqlobin) göstəricisini ciddi nəzarət altında saxlayan, milli və beynəlxalq protokollara riayət edən həkimlərə üstünlük veriləcək.

2. İlin Ən Yaxşı Təlimçisi

Bu nominasiya üzrə şəkərli diabeti olan pasiyentlərə keçdiyi diabet təlimlərə, keyfiyyətli tədris apardığına görə seçilən şəxslər mükafatlandırılacaq.

3. İlin İnnovatoru

Bu nominasiyada innovativ, elmi və əhalinin sağlamlığına yönəlmiş layihələrin təşəbbüsçüsü və ya iştirakçısı olan, yeni müalicə üsullarına üstünlük verən şəxslər mükafatlandırılacaq.

4. İlin Ən Yaxşı Jurnalisti

Bu nominasiyada şəkərli diabet ilə mübarizəyə dair məqalə müəllifləri, eləcə də diabet problemlərinin obyektiv işıqlandırılması və həlli yolunda fəallıq göstərən jurnalistlərə üstünlük veriləcək.

Müraciətlər 2018-ci ilin sentyabr ayının 13-dən 5 oktyabra qədər [email protected] ünvanına qəbul ediləcək (məktubu göndərərkən hansı nominasiyaya müraciət olunduğu qeyd olunmalıdır). Bundan sonra ekspertlərdən ibarət komitə üzvləri müraciətləri təhlil edərək, seçilmiş nominantlarla görüşərək, hər nominasiya üzrə qalibləri müəyyənləşdirəcək.

Ötən il mükafatlandırılan iştirakçılar 2018-ci ilin müsabiqəsində iştirak edə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti