Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda son 10-15 ildə yay fəsli təhlil olunsa, anomal isti hava şəraiti daha çox avqust ayında müşahidə edilib, bu il isə avqust deyil, iyul ayı bu baxımdan fərqlənib.
Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
U.Tağıyevanın sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının yaydığı məlumata əsasən, şimal yarımkürəsində 2018-ci ilin yay fəsli son onilliklərdə qeydə alınan anomal isti illərdən biri kimi tarixə düşdü:
"Hidrometeoroloji avtomat stansiyalardan daxil olan məlumatların təhlili göstərir ki, Azərbaycanda bu il iyun ayı anomal isti keçib, ay ərzində 20 gün havanın temperaturu iqlim normasını aşıb. İyun ayı ərzində temperatur 4 gün normadan aşağı olub, 6 gün isə norma daxilində olub. İyun ayının 27-30-da bu fərq 6-7,7 dərəcə təşkil edib. Həmin günlər sutkalıq rekord göstəriciləri yenilənmiş, bəzi aran rayonlarında, Naxçıvan MR-da və Abşeronda maksimal temperatur 42 dərəcəyədək yüksəlmişdi".
U.Tağıyeva qeyd edib ki, iyul ayında 31 gün ərzində temperatur iqlim norma göstəricilərindən yüksək olub. Ayın ilk günündə rekord temperatur qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 42.7° isti təşkil etmişdi ki, bu da iqlim normasından 9.5° yüksəkdir. Avgust ayında isə havanın temperaturunun iqlim normasından yüksək olan günlərin sayı 17 gün olub, nəticədə 2018-ci ilin yay fəslində ən isti iyul ayı keçib.