Bakı. Ceyhun Ələkbərov - Trend:
Son vaxtlarda Azərbaycanda sayca üçüncü hind toyu keçirilib.
Trend-in məlumatına görə, bu yaxınlarda Bakının dəbdəbəli hotellərinin birində baş tutan toy mərasimi isə bir neçə gün davam edib.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov Trend-ə bildirib ki, ümumiyyətlə, Hindistanda toy mərasimləri çox dəbdəbəli keçir və onlar bu yaddaqalan günü xarici ölkələrin birində qeyd etməyə çalışırlar:
"Məlum olduğu kimi, turistlərin Azərbaycana olan marağı gündən-günə artır. Hindistanlıların ölkəmizə olan marağı bizim qədim inanclarımız (atəşpərəstlik) və Azərbaycan ərazisindən keçmiş qədim İpək Yolu ilə də bağlıdır".
N.Bağırov qeyd edib ki, hindistanlılar buraya təkcə toy etmək üçün gəlmirlər:
“Toy mərasimləri ilə bağlı ölkəmizə çoy sayda insan gəlir, amma onlar bura təkcə məclisə qatılmaq üçün üz tutmurlar. Toy sahibləri məkan olaraq elə yer seçirlər ki, həmin ölkədə həm toy mərasimi keçirsinlər, həm də istirahət edə bilsinlər".
Assosiasiya rəhbəri bildirib ki, yerli turizm bu məqamlardan da bəhrələnərək Azərbaycana gələn həmin turistlərə müxtəlif növ turpaketlər və əyləncə növləri təklif edir.