Bakı. Cani Babayeva - Trend:
Azərbaycan Gimnastika Federasiyasına möhtəşəm təşkilatçılığa görə təşəkkür edirəm.
Bunu Trend-ə Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi yarışlarını izləyən tamaşaçı İren Qurbanova deyib.
Tamaşaçı bildirib: "Turnir yüksək səviyyədə keçir, Azərbaycan Gimnastika Federasiyası həmişəki kimi təşkilatçılıq işini yüksək səviyyədə qurub. Aerobika gimnastikası ölkədə gündən-günə inkişaf edir, biz federasiyaya idmanın bu növünə göstərdiyi diqqət və qayğıya görə minnətdarıq".
Tamaşaçı qeyd edib ki, gimnastlara dəstək olmaq üçün bugünkü yarışlara böyük məmnuniyyətlə baxmağa gəlib:
"Azərbaycan, eləcə də digər ölkələrdən olan gimnastları dəstəkləyirik, hər kəsə uğurlar arzulayırıq. Hamısına azarkeşlik edirik".
Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.
Əvvəlcə 7-8 yaşlı gimnastlar fərdi və üçlük proqramında çıxış ediblər.
Fasilədən sonra 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübariz aparır.
Final mərhələsi sabah baş tutacaq.