...

Tarixçi alim: Bütün çətinlikləri göz önünə alaraq, Azərbaycan vətəndaşı üçrəngli bayrağına sahib çıxdı

Cəmiyyət Materials 9 Noyabr 2018 17:02 (UTC +04:00)
"Bu gün Azərbaycanın üçrəngli bayrağı beynəlxalq aləmdə, beynəlxalq tədbirlərdə qaldırılır, amma mən istərdim ki, bizim gənclik dövlətimizin bayrağına bir dəyər kimi yanaşsın".
Tarixçi alim: Bütün çətinlikləri göz önünə alaraq, Azərbaycan vətəndaşı üçrəngli bayrağına sahib çıxdı

Bakı. İlhamə İsabalayeva – Trend:

"Bu gün Azərbaycanın üçrəngli bayrağı beynəlxalq aləmdə, beynəlxalq tədbirlərdə qaldırılır, amma mən istərdim ki, bizim gənclik dövlətimizin bayrağına bir dəyər kimi yanaşsın".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova deyib.

O bildirib ki, bayrağa olan təhqir qəbul edilməməli, ona hörmətlə yanaşılmalıdır:

“Siz öz şəxsiyyətinizə olan təhqiri qəbul etmirsiniz. Amma inanın ki, bayrağa olan kiçik bir etinasızlıq daha ağır təhqirdir. Çünki o, milli kimliyinizə, dövlətinizə, vətəndaşlığınıza olan təhqirdir. Buna görə Məhəmməd Əmin Rəsulzadə üzünü məhz gəncliyə tutub demişdi ki, "biz yoxdan bir bayraq yaratdıq, həmin bayraq Azərbaycan Parlamentinin binası üzərindən ürəklərə endi. Vaxt gələcək ki, siz bu bayrağı qaldıracaqsınız”.

Sovet dövründə üçrəngli bayrağın qaldırılması üçün cəhdlərin edildiyini nəzərə çatdıran tarixçi alim qeyd edib ki, həmin dövrdə milli hərəkatçı olan Cahid Hilaloğlu hətta Qız qalasının üzərində üçrəngli bayrağı qaldırıb, lakin buna görə ağır cəzalandırılıb:

“Onun cəzası amansız oldu. Buna görə 10 il həbs cəzası, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrum edilmə cəzası aldı. Bütün bu çətinlikləri göz önünə alaraq, Azərbaycan vətəndaşı üçrəngli bayrağına sahib çıxdı. 1988-ci ildə noyabrın 17-də bizim azaqlıq savaşımızın da 30 ili tamam olur. Biz o hərəkatda üçrəngli bayrağımızı gördük. Mən həmin hərəkatlarda iştirak edərkən tələbə idim. Biz bayrağımızı tanımırdıq, bilmirdik ki, bu hansı bayraqdır, hansı dövlətə məxsusdur, çünki bizə öz tariximizi keçməyi yasaq etmişdilər. Biz sonra bildik ki, bizim belə bir dövlətimiz və onun da belə bir bayrağı olub”.

F.Əhmədova əlavə edib ki, nəhayət, 1991-ci il fevralın 5-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycan SSR-in bayrağı kimi qəbul edildi.

Qeyd edək ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti