...

Müvəkkilin Gəncə Regional Mərkəzinin rəhbəri Yunanıstanda konfransda iştirak edib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2019 16:02 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, onun Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bu günlərdə Yunanıstan respublikasının paytaxtı Afina şəhərində həmin ölkənin Ombudsman təsisatının yaranmasının 20 illiyinə həsr olunmuş “Dövlət və cəmiyyət: hüquq və azadlıqlara yönəlmiş çağırışlar” mövzusunda keçirilmiş konfransda iştirak edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Beynəlxalq Ombudsmanlar İnstitutunun (IOI) üzvü olan Ombudsmanların və Ombudsman təsisatları nümayəndələrinin geniş iştirakı ilə keçirilmiş konfransın açılışında Yunanıstan Respublikası Parlamentinin spikeri Nikos Voutsis iştirakçıları salamlayaraq, bu ölkədəki ombudsman qurumunun iyirmi il ərzində çətin və uğurlu inkişaf yolu keçdiyini, ümumilikdə isə bu təsisatların cəmiyyətdə ədalət və qanunun aliliyinin təmin olunmasında vacib rol oynadığını bildirib.

Tədbirin açılışında həmçinin IOI-nin prezidenti Peter Tindal, həmin institutun Avropa bölməsinin rəhbəri Rafael Riboi Masso,Yunanıstan Ombudsmanı Andreas Pottakis açılış nitqləri söyləyib, Avropa Birliyinin Ombudsmanı xanım Emili Oreilli video müraciətlə konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Səbuhi Abbasov iştirakçıları Müvəkkil Elmira Süleymanovanın adından salamlayaraq Yunanıstan Ombudsmanı Andreas Pottakisi və Yunanıstan Ombudsman qurumunun əməkdaşlarını fəaliyyətlərinin 20 illiyi münasibətilə təbrik edib, insan hüquqlarının müdafiəsi sahəsində gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili beynəlxalq təşkilatlarla və bir çox ölkələrin Ombudsman təsisatları ilə qarşılıqlı səmərəli əlaqələr qurmuş, həmçinin öz fəaliyyətində dövlət qurumları ilə yanaşı QHT-lər və vətəndaş cəmiyyəti, KİV və icmalarla da əməkdaşlığa önəm vermişdir.

Azərbaycan Ombudsman təsisatının Avropa Şurası və Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq, TAIEX layihələri ilə yanaşı Şərq Tərəfdaşlığı layihəsində də hüquqi islahatlara dəstək məqsədilə fəal iştirak etdiyini diqqətə çatdıran S.Abbasov 2016-cı ildə birgə Tvinninq layihəsi çərçivəsində Ombudsman Aparatının bir qrup əməkdaşının Yunanıstana səfər edərək bu ölkənin Ombudsman qurumunun və İşgəncələrə qarşı Milli Preventiv Mexanizminin strukturu, fəaliyyət istiqamətləri ilə yaxından tanış olduqlarını, psixiatriya və cəzaçəkmə müəssisələrinə səfərlər təşkil edildiyini vurğulayıb.

Azərbaycan Ombudsman Aparatı ilə yanaşı dörd regional mərkəzlərinin də ölkəmizin müxtəlif bölgələrini əhatə etməklə fəaliyyət göstərdiyini diqqətə çatdıran S.Abbasov bu mərkəzlərin yerli əhaliyə Ombudsman təsisatının daha yaxın olmasında və yerlərdən gələn müraciətlərə çevik reaksiya verməsində əhəmiyyətli rol oynadığını bildirib.

O, qeyd edib ki, müasir dövrümüzdə insan hüquq və azadlıqlarına yönəlmiş bir sıra çağırışlar mövcuddur ki, onlardan biri də həllini tapmayan silahlı münaqişələrdir. Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının ərazilərinin, Dağlıq Qarabağ və yeddi ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğu, Xocalı şəhərində 1992-ci ilin fevral ayında azərbaycanlı əhaliyə qarşı misilsiz soyqırım aktının törədildiyini, münaqişə nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilərək əsas insan hüquqlarından məhrum olduqlarını diqqətə çatdıran S.Abbasov Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin işğala son qoyulması ilə bağlı mövqeyinə, BMT nizamnaməsinə, insan hüquqları sahəsində olan beynəlxalq müqavilələrin müddəalarına əməl edilməsinin pozulmuş insan hüquqlarının bərpası üçün vacib olduğunu qeyd edib.

Konfransda hüquq və azadlıqlara yönəlmiş çağırışlar, o cümlədən süni intellektin inkişafının, səmərəli dövlət xidmətlərinin təşkilinin insan hüquqlarına təsiri, azadlıq və təhlükəsizlik arasında balans polemikası, qaçqın və miqrant axınının yaratdığı situasiyalar, artmaqda olan ksenefobiya və dözümsüzlük iqlimi iştirakçılar, beynəlxalq ekspertlər tərəfindən geniş müzakirə olunub, həmin çağırışlarla mübarizədə Ombudsman təsisatlarının oynaya biləcəyi rol təhlil edilib, bu istiqamətdə bir sıra yanaşmalar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti