...

"İMZA Group" yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında intellektual oyun keçirib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2019 18:52 (UTC +04:00)
Dünənin tələbələri - bugünün mütəxəssisləri! İMZA Group yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında intellektual oyun təşkil etdi.
"İMZA Group" yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında intellektual oyun keçirib (FOTO)

Bakı. Trend:

İMZA Group, Azərbaycanda yerli və xarici şirkətlərin, eləcə də Azərbaycan universitetləri və hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirərək, ilk dəfə tələbələr arasında maliyyə və mühasibatlıq sahəsində “Breyn Rinq” formatında intellektual oyun təşkil edib.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, intellektual oyunda, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetindən olmaqla ümumilikdə 8 komanda iştirak edib.

Tədbirdə müxtəlif şirkətlərin nümayəndələri ilə birlikdə Təhsil Nazirliyi və Vergilər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

"İMZA Group"un direktoru Anar Məmmədov bildirib: "Bu gün, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi və sosial islahatların nəticələrinin davamlı və dayanıqlı olmasının əsas amillərindən biri də kadr potensialının inkişafıdır. Layihəmizin əsas məqsədi, oyunda rəqabət yaratmaqla tələbələrə öz bilik və bacarıqlarını potensial işəgötürənlərə nümayiş etdirməyə imkan yaratmaq, həmçinin tələbələri maliyyə biliklərini artırmaq üçün həvəsləndirməkdir”.

O qeyd edib ki, bu oyun, seçilmiş 100 gəncin ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) standartlarına uyğun ixtisaslarının təkmilləşdirilməsi və hazırlanması məqsədi ilə yaradılmış "100 uğurlu imza" layihəsinin davamı və bir hissəsi hesab edilə bilər.

Layihə iştirakçılarının əksəriyyəti artıq bu gün mühasibat və maliyyə sahəsində beynəlxalq səviyyəli mütəxəssislərdir. Layihənin müvəffəqiyyət göstəricisi olaraq, İlqar Mustafayev, Ramin Əzizov, Elay Rəcəbli, Vaqif Nuriyev, Yeganə Səmədova və Mirələm Əkbərli kimi iştirakçıların artıq ACCA təlimçiləri olmasını misal gətirmək olar. Bununla yanaşı, onların cəmi iki il əvvəl bu yolda atdıqları ilk addımların nəticəsidir ki, bu gün onlar aparıcı şirkətlərin əməkdaşlarıdır.

A.Məmmədov tədbirin nüfuzlu şirkətlər, ali təhsil ocaqları, habelə dövlət qurumları ilə gələcəyin mütəxəssisləri arasında təmas nöqtəsi yaradacaq uğurlu platformaya çevirilməsini arzulayıb.

İntellektual müsabiqənin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin komandası olub. İlk 4 yer tutan komanda İMZA Group tərəfindən ACCA təlim kurslarında təhsil almaqla bərabər, müxtəlif mükafatlarla təltif olunublar. Bu mükafatlar, ilk növbədə, iştirakçıların maliyyə və mühasibatlıq sahəsində böyük nailiyyətlər qazanmağına dəstək göstərilməsi məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti