Bakı. Trend:
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərenerji" ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi" mövzusunda konfrans keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, səhmdar cəmiyyətin prezidentinin müşaviri Vüqar Əliyev, "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan "Azərenerji" ASC-nin vitse-prezidenti Z. Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, "itirilmiş" generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Z.Quliyev, həmçinin bildirib ki, 2018-ci il 3 iyul tarixində baş vermiş qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya üzrə Tədbirlər Planı" əsasında ötən ilin sentyabr ayından etibarən təxirəsalınmaz tədbirlər görülür.
"Azərenerji" ASC-nin vitse-prezidenti proqram çərçivəsində son üç ay ərzində “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında görülən işlər nəticəsində 230 MVt gücün bərpa edildiyini vurğulayıb: "Bundan əlavə, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə təmirdən sonra 6 sayli enerji blokunda 60 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulur. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemləri bərpa ediləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücü 320 MVt artaraq 2000 MVt-a catacaq”.
Z.Quliyev həmçinin vurğulayıb ki, "Reabilitasiya proqramı" çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılır. O bildirib ki, bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kV-luq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri aparılır. Z.Quliyev qeyd edib ki, "Reabilitasiya Proqramı"na müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə həyata keçirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.
"Azərenerji" ASC-nin vitse-prezidenti görülmüş işlərin ictimaiyyətə geniş və obyektiv şəkildə çatdırılması baxımından təmsil etdiyi qurumun media ilə əməkdaşlığa daim açıq olduğunu bildirib. Belə bir tədbirin təşkilində Fondun dəstəyini yüksək dəyərləndirən Z.Quliyev sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
İcraçı direktor V.Səfərli tədbir iştirakçılarını salamlayaraq Fondun fəaliyyət göstərdiyi 10 il müddətində ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
V.Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor həmçinin bildirib ki, "Azərenerji" ASC ilə birgə keçirilən konfransın məqsədi Azərbaycanın enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, elektrik enerjisinə artan tələbatın etibarlı və dayanıqlı şəkildə ödənilməsi, bu sahədə əsaslı modernləşmənin aparılması ilə əlaqədar reallaşdırılan tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasıdır.
Azərbaycanın nəinki qonşu ölkələrə, eləcə də bir sıra nüfuzlu Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsini, habelə "Azərenerji" ASC-nin Avropa miqyasında keçirilən tenderlərin qalibi olmasını yüksək dəyərləndirən V.Səfərli son aylarda səhmdar cəmiyyətin fəaliyyətində əhəmiyyətli dəyişikliklərin hiss olunduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov 2015-ci il fevralın 10-da "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişıq" ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişıq" ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb. O bildirib ki, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qalxıb.
"Azərenerji" ASC sədrinin müşaviri Vüqar Əliyev çıxışında "Reabilitasiya Proqramı" çərçivəsində energetika sistemində çalışan 5600-dək əməkdaşın sosial vəziyyətinin yaxşılaşdırılması, onların əmək haqlarının yüksəldilməsi, habelə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Sonra tədbir diskussiya formatında davam etdirilib. Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli səhmdar cəmiyyətin fəaliyyətində son aylarda qabarıq hiss olunan yenilikləri təqdir edərək qurumun yeni rəhbərliyinin müasir tələblərə cavab verən islahatlarını razılıqla vurğulayıblar.
Daha sonra media rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Çıxışını davam etdirən Fondun icraçı direktoru V.Səfərli diqqətə çatdırıb ki, keçirilən tədbirin yekunu olaraq “Azərenerji” ASC və Fondun birgə təşkilatçılığı ilə “Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. 2019-cu il may ayının 10-dan iyulun 5-dək keçiriləcək müsabiqənin məqsədi "Azərenerji" ASC-nin "Reabilitasiya Proqramı" çərçivəsində görülən və görüləcək işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığının stimullaşdırılmasıdır.
Fondun icraçı direktoru V.Səfərli sonda media ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə "Azərenerji" və "Azərişıq" açıq səhmdar cəmiyyətlərinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.