Bakı. Trend:
Heydər Əliyev Fondu tərəfindən müqəddəs Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunur. Belə iftar süfrələrindən biri də mayın 29-da Zərdab və Tərtər rayonlarında açılıb.
İftar süfrəsində din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanlar, həmçinin N saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, tolerantlıq mühitinin qorunub saxlanmasından, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıblar.
Bildirilib ki, müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən bölgələrdə iftar süfrələrinin açılması tədqirəlayiqdir.
Bu gün Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsidir. Ölkəmizdə birlik və sabitlik hökm sürür, dini məbədlər təmir və bərpa olunur, islami və milli-mənəvi dəyərlər qorunur.
İftar süfrəsində, həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.