...

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunan tələbə və onların valideynləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2019 17:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olunan tələbə və onların valideynləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, Aİİ rektoru Ceyhun Məmmədov tələbə adını qazanmış abituriyentləri təbrik edərək, onlara qədəm qoyduqları şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb. Tələbəliyin insan həyatının müqəddəs və şərəfli mərhələlərindən birini təşkil etdiyini söyləyən rektor bu müddətdə gənclərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, əsl vətənpərvər, savadlı, yüksək intellektual potensiala malik, dövlətimizə və cəmiyyətimizə yararlı şəxsiyyət və kadr olaraq yetişmələrinin vacibliyini vurğulayıb.

C.Məmmədov ümummilli lider Heydər Əliyevin yürütdüyü dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə bir çox ibadət ocaqları təmir və ya bərpa olunur, dini təhsil müəssisələri yaradılır. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da dövlət-din siyasətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Aİİ rektoru bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təhsili özünün yeni mərhələsini yaşamaqdadır. Gündən-günə inkişaf edən təhsilimizin maddi-texniki bazası gücləndirilir, ixtisaslı kadrların hazırlanmasına dövlət tərəfindən lazımi şərait yaradılır. O, gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Zəngin dünyagörüşə, yüksək mədəniyyətə malik, dərinbilikli, güclü şəxsiyyət və vətənpərvər mütəxəssislərin yetişdirilməsinin İnstitutun əsas vəzifələri olduğunu nəzərə çatdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini, ona göstərilən yüksək inam və etimadı doğrultmağa çalışacağını bildirib. İnstitutun rəhbər və müəllim heyətinin bütün tələbələrə öz övladları kimi yanaşdığını qeyd edən rektor gənclərə dərslərində aktiv və hazırlıqlı olmalarını tövsiyə edib.

C.Məmmədov, həmçinin tədris prosesi, keçiriləcək fənlər haqqında məlumat verərək, İnstituta daxil olmuş tələbələrin İslamla yanaşı, müasir elmlərin metodları əsasında digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, o cümlədən Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm kimi digər sosial, humanitar elmləri də öyrənmək imkanına malik olacaqlarını diqqətə çatdırıb. Tələbələrə ingilis, ərəb və fars dillərini yüksək səviyyədə öyrənmək imkanının yaradıldığını, zəngin kitabxana fondundan istifadə edə biləcəklərini vurğulayan rektor, eyni zamanda, Aİİ tələbələrinin pulsuz dərslik və geyimlə təmin olunacaqlarını da nəzərə çatdırıb.

Görüşün sonunda ixtisaslar üzrə yüksək bal toplayan tələbələr mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti