Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi "Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin noyabrın 6-da nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Fonddan Trend-ə verilən məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, komitənin məsul əməkdaşları, Fondun icraçı direktoru Vüqar Səfərli, eləcə də ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vüqar Səfərli qonaqları salamlayaraq 2019-cu il oktyabrın 1-dən 10-dək keçirilmiş əhalinin siyahıyaalınması prosesinin ölkəmiz üçün müstəsna əhəmiyyətli ictimai-siyasi və sosial-iqtisadi hadisə kimi dəyərləndirib. İcraçı direktor bildirib ki, prosesin yekunu olaraq ölkə əhalisinin sayı və digər zəruri məlumatların əldə olunması ümumən ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən islahatlar prosesinin səmərəliliyinin təmin olunmasına təkan verəcək. Vüqar Səfərli siyahıyaalma prosesinin mütəşəkkil və sistemli şəkildə keçirildiyini bildirərək bu munasibətlə Dövlət Statistika Komitəsinin rəhbərliyini təbrik edib.
Fondun icraçı direktoru xatırladıb ki, medianın və ictimaiyyətin siyahıyaalma prosesi barədə dolğun şəkildə məlumatlandırılması məqsədilə hələ 2019-cu ilin iyul ayında aparıcı KİV rəhbərlərinin Komitə rəhbərliyi ilə səmərəli görüşü təşkil edilib. Həmin tədbirin yekunu olaraq jurnalistlər üçün elan edilmiş "Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi" mövzusunda müsabiqə əhalinin siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, bu prosesin əhəmiyyəti haqqında ictimaiyyəti geniş məlumatlandırmaq və əhali arasında təşviqat işlərini stimullaşdırmaq məqsədi daşıyıb.
Vüqar Səfərli bildirib ki, iyulun 22-dən oktyabrın 22-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 18 KİV-dən 28 yazı daxil olub. Yazılar 3 nəfər ekspert tərəfindən qiymətləndirilib, 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb: "I yer üçün 1 nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 700 manat, III yer üçün 3 nəfər olmaqla 500 manat mükafat nəzərdə tutulub. 10 nəfər jurnalistin hər biri 200 manat məbləğində həvəsləndirici mükafatlara layiq görülüb".
Daha sonra siyahıyaalma prosesi barədə danışmaq üçün söz Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova verilib.
Komitə sədri Tahir Budaqov media nümayəndələrini salamlayaraq əhalinin siyahıyaalınması prosesinin hər bir ölkənin gələcək sosial-iqtisadi və demoqrafik inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən mürəkkəb proses olduğunu vurğulayıb. Komitə sədri əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına uyğun olaraq 2019-cu ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.
Tahir Budaqov bildirib ki, siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkili, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kənd ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmini üçün 50-yə yaxın metodoloji və köməkçi sənədlər hazırlanıb. Siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilib.
Tahir Budaqov, həmçinin bildirib ki, siyahıyaalınma ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə hazırlanmış təşviqat materiallarından plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilib. Video çarxlar isə aprel ayından başlayaraq televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanıb. Müxtəlif KİV-lərdə siyahıyaalmaya dair çoxsaylı məqalələr müntəzəm olaraq dərc edilib. Bu istiqamətdə mühüm addımlardan biri də fərdi jurnalist yazılarının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqənin elan edilməsi olub.
Çıxışını davam etdirən Komitə sədri bildirib ki, siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək: "2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq".
Bəzi vətəndaşların bu prosesdən kənarda qalması ilə bağlı iddialara aydınlıq gətirən Komitə sədri vurğulayıb ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdənsiyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək: "Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslərtam başa çatdıqdan sonra, 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq".
Tədbirdə çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev əhalinin siyahıyaalınması prosesinin ölkəmizin gələcək sosial-iqtisadi tərəqqisi baxımından əhəmiyyətini vurğulayıb və prosesin uğurla yekunlaşdığını bildiriblər. Natiqlər, həmçinin birgə müsabiqənin keçirilməsinini əhalinin bu sahədə maarifləndiriilməsi baxımından əhəmiyyətini xüsusu vurğulayıblar.
Sonra müsabiqə qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Fondun icraçı direktoru Vüqar Səfərli qalibləri təbrik edərək media ilə səmərəli və fəal əməkdaşlığa görə Dövlət Statistika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbiri yekunlaşdıran Tahir Budaqov media ilə əlaqələrin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.