...

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 25 Dekabr 2019 16:08 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 2020-ci ilin I yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;

2. Fondun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və təsdiqi.

Müzakirəyə çıxarılan birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, KİV-lərə maliyyə yardımı müsabiqəsinin 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 10-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur. V.Səfərli KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elanında hər hansı dəyişikliyin nəzərdə tutulmadığını bildirib. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu ilin II yarısında olduğu kimi, 2020-ci ilin I yarısında da ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsi və maliyyələşdirilməsi təklif edilir.

Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanı ilə bağlı fikirlərini bölüşüblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Ramiz Əskər, Rasim Həsənov və Ayaz Mirzəyev KİV-lər üçün keçirilən müsabiqənin onların maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2019-cu il noyabrın 8-dən dekabrın 13-dək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinə 56 KİV-dən 150 yazı daxil olub. Yazılar 12 eskpert tərəfindən qiymətləndirilib. Ekspertlərin qiymətləndirməsinə əsasən, 19 nəfər I, 38 nəfər II, 56 nəfər III yerə layiq görülüb.

Nəticələrlə tanış olan Müşahidə Şurasının üzvləri fərdi jurnalist yazıları müsabiqələrinin peşəkar jurnalist yaradıcılığının stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Sonda müsabiqənin nəticələri səsə qoyularaq təsdiq edilib.

İclasda Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə də müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti