...

Ombudsman və əməkdaşları Milli Məclisə seçkiləri müşahidə ediblər (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2020 19:14 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının fəaliyyətinin əsas istiqamətlərindən biri vətəndaşların seçki hüququnun təmin və müdafiə edilməsindən ibarətdir.
Ombudsman və əməkdaşları Milli Məclisə seçkiləri müşahidə ediblər (FOTO)

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının fəaliyyətinin əsas istiqamətlərindən biri vətəndaşların seçki hüququnun təmin və müdafiə edilməsindən ibarətdir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Ombudsmanın Aparatının, Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin əməkdaşları paytaxtda, eləcə də ölkənin 40 şəhər və rayonunun 62 seçki dairəsi üzrə 360 seçki məntəqəsində, o cümlədən hərbi hissələr, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində Parlament seçkilərini müşahidə ediblər.

Ombudsman Səbinə Əliyeva Bakının rayonlarında bir sıra seçki dairələri üzrə seçki məntəqələrində, o cümlədən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunmuş məntəqədə səsvermə prosesini izləyib. O, müasir avadanlıqlar, informasiya-kommunikasiya texnologiyaları, veb-kameralar ilə təchiz olunmuş 16 saylı Yasamal ikinci dairə seçki komissiyasının inzibati binasında olub, komissiya üzvləri ilə görüşüb, seçkilərlə əlaqədar ümumi vəziyyəti öyrənib, öz təklif və tövsiyələrini verib. Müvəkkil məntəqə seçki komissiyalarının üzvləri, yerli və beynəlxalq müşahidəçilər, habelə seçicilərlə də görüşüb, səsvermə prosesi ilə bağlı müvafiq məlumatlar alıb.

Eyni zamanda respublikanın müxtəlif bölgələrində bu prosesdə müşahidəçi qismində iştirak edən Omudsman Aparatının əməkdaşlarından hər saatın tamamında məlumatlar qəbul edilib, seçki prosesi və seçicilərin hüquqlarının təmini ilə bağlı vəziyyət nəzarətdə saxlanılıb.

Kəskin hava şəraitinə baxmayaraq, seçici fəallığı, habelə siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda bitərəf və beynəlxalq müşahidəçilərin bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak etdikləri, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdikləri müşahidə olunub. Müşahidə prosesi müddətində hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə hallarına rast gəlinməyib.

Vətəndaşların seçki hüquqları təmin olunub, o cümlədən əlilliyi olan, yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı uyğun şərait yaradılıb. Seçicilərin yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün seçki məntəqələrinin “çip oxuyan” cihazlarla təmin edildiyi, bir çox məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırıldığı, seçkilərin izlənilməsi üçün real şərait yaradıldığı müşahidə olunub.

Eyni zamanda seçkilərin nəticələrinə təsir etməyən bəzi pozuntu halları müşahidə olunub ki, həmin məsələlərin yerində müvafiq olaraq dairə və məntəqə seçki komissiyasının sədrinə müraciət edilməklə aradan qaldırılması təmin edilib, mərkəzi seçki komissiyası bu barədə məlumatlandırılıb.

Seçki günü Ombudsmanın qaynar xəttinə daxil olmuş müraciət yerindəcə araşdırılaraq qanunamüvafiq addımlar atılmışdır.

Milli Məclisə seçkilər ölkə Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. Bu isə bir daha Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu təsdiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti