...

Xocalı soyqırımı qurbanları Krasnoyarskda anılıb

Cəmiyyət Materials 25 Fevral 2020 11:01 (UTC +04:00)
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq fevralın 23-də Krasnoyarskdakı Kuzneçov adına Sosial-mədəni kompleksdə “Etnik münaqişələr. Sovet keçmişinin dərsləri" mövzusunda panel-müzakirələr keçirilib.
Xocalı soyqırımı qurbanları Krasnoyarskda anılıb

Bakı. Trend:

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq fevralın 23-də Krasnoyarskdakı Kuzneçov adına Sosial-mədəni kompleksdə “Etnik münaqişələr. Sovet keçmişinin dərsləri" mövzusunda panel-müzakirələr keçirilib.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü, "Azərbaycan milli-mədəni muxtariyyəti" ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənəclər Təşkilatının Krasnoyarsk diyarı üzrə nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirin fəxri qonağı "Azərbaycan bayrağı" ordenli Qarabağ qazisi, canlı xalq qəhrəmanımız İbad Hüseynli olub. Tədbirdə soydaşlarımızla yanaşı, Rusiya və Azərbaycanın tanınmış politoloqları, ictimai xadimlər, Krasnoyarsk rəsmiləri, tələbələr, eləcə də digər xalqların diaspor üzvləri və yerli KİV-lər iştirak ediblər.

Müzakirəni Rusiya Federasiyası Dövlət Dumasındakı Rusiya Xalqları Gəncləri Şurasının üzvü Kamran Rüstəmzadə açaraq qonaqları təqdim edib.

Krasnoyarsk diyarı "Azərbaycan milli-mədəni muxtariyyəti" ictimai təşkilatı sədrinin müavini Ayaz Məmmədov çıxış edərək bildirdi ki, Krasnoyarskda Azərbaycan diasporu tərəfindən hər il Xocalı soyqırımı ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edilir: "Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Dünya birliyi erməni canilərinin törətdiyi vəhşiliklərə hüquqi qiymət verməlidir. Xocalı şəhərini tarixdə görünməmiş vəhşiliklə yerlə-yeksan edən, dinc sakinləri amansız şəkildə qətl edən erməni terrorçularına qarşı hələ də bütün dünya susur və hüquqi qiymət verməkdən boyun qaçırır. Beynəlxalq aləm Xocalı qətliamını tanımalı, bu qanlı qətliama qarşı ölçü götürməli, Sərkisyan, Köçəryan və eləcə də bu dəhşətli qətliamı törədən bütün hər kəs beynəlxalq hüquq və məhkəmə orqanları qarşısında cavab verməlidir! Və ümid edirik ki, bir gün Ermənistan və bu qətliamı törədənlər hüquq qarşısında cavab verəcəklər! Allah bütün şəhidlərimizə rəhmət etsin".

Sonra Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan vətən övladları bir dəqiqəlik sükutla anılıb.

Moderator Kamran Rüstəmzadə bildirib ki, müasir zamanda qlobal problemlərin həlli hər bir insanın şəxsi istəyindən asılıdır: "Elə buna görə də bu gün ictimai təşkilatlar xalqlar arasında dialoqun yaradılmasında böyük rol oynayır. Mən əminəm ki, bizim həmvətənlərimizin fəal vətəndaşlıq mövqeyi Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə imkan verəcək və bir daha Xocalı faciəsi təkrar olmayacaq. Bu baxından Krasnoyarskda yaşayan soydaşlarımızla əfsanəvi qəhrəman İbad Hüseyinlinin görüşünü alqışlayıram".

Krasnoyarsk diyarı qubernatorunun ekspert və analitik şöbə müdirinin müavini, politoloq Pavel Klaçkov çıxış edərək deyib ki, bu gün Azərbaycan güclü və dinamik inkişaf edən dövlətdir: "Artıq bir neçə ildir ki, Azərbaycan Rusiya və ABŞ müdafiə qurumları liderlərinin görüşdükləri məkandır.
Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, Azərbaycanın çox savadlı və təcrübəli, beynəlxalq gündəmi çox yaxşı bilən və Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini dinləyicilərə aydın, dəqiq çadtıran lideri var. Bütün bunlar Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə çox gözəl şərait yaradır".

ADDIM Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə Qarabağ qazisi İbad Hüseynlinin qəhrəmanlığından və onun şücaətini təbliğ etməyin əhəmiyyətindən danışıb. Hüseyn Cavadzadə bildirib ki, missiyaları canlı qəhrəmanımızı təbliğ edib tanıtmaqdır: "İbad Hüseynli bu gün təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Çünki İbad Hüseynli tərəfindən Monte Melikonyanın öldürülməsindən sonra, demək olar ki, Dağlıq Qarabağ müharibəsi dayanıb. Qarabağ məsələsi hər zaman bizim əsas mövzudur".

ADDIM sədri, həmçinin qeyd edib ki, İbad Hüseynli qəhrəman olaraq gənclərə və gələcək nəsillərə nümunədir.

Krasnoyarsk diyarı üzrə “Azərbaycan milli-mədəni muxtariyyəti”nin idarə heyətinin üzvü, din xadimi Hacı Müttəlib şəhidlik zirvəsinə ucalmağın önəmindən danışıb.
O, məlumat verib ki, fevralın 26-da şəhərin məscidində şəhidlərin ruhuna dualar oxunacaq və ehsan süfrəsi təşkil ediləcək.

Müzakirədən sonra Qarabağ qazisi İbad Hüseynlinin soydaşlarımızla görüşü olub. Ardınca İbad Hüseynli haqqında ADDIM Gənclər Təşkilatı tərəfindən hazırlanan “Əfsanəvi qəhrəman” tanıtım filminin ilk dəfə təqdimatı olub.
İbad Hüseynli ona göstərilən diqqətə görə hər kəsə təşəkkür edərək deyib ki, Qarabağ müharibəsində iştirak etməklə vətən qarşısında milli borcunu yerinə yetirib.
Qəhrəmanımız tədbirdə ermənilərin Xocalı soyqırımında soydaşlarımıza qarşı etdikəri zülmlərdən danışıb: "Bizim gücümüz biliyimizdədir. Mən Krasnoyarskda soydaşlarımız arasında bu birliyi hiss etdim və qürur duydum. Biz düşmənə öz birliyimizlə qalib gələ bilərik".

İbad Hüseynlinin Krasnoyarskıya təşrif buyurması soydaşlarımızın ruh yüksəkliyini artırıb. Soydaşlarımız əfsanəvi qəhrəmanla görüşdən məmnun qalaraq onu böyük sevgi və coşğu ilə qarşılayıblar. 400 nəfərlik zalda böyük izdiham yaşanıb. İbad Hüseyinlinin həyat və döyüş yolunundan bəhs edən tanıtım filmini seyr edən iştirakçılar duyğulu anlar yaşayaraq, ayağa qalxıb Qarabağ qazisinə öz dərin ehtiramlarını bildiriblər. Tədbirin sonunda həmvətənlərimiz böyük həvəslə türk dünyasının qəhrəmanı ilə xatirə şəkilləri çəkdiriblər.

Tədbirlə bağlı təəssüratlarını bölüşən Rusiyadakı həmyerlimiz, hüquqşünas, ictimai xadim Səadət Qarayeva bildirib ki, xaricdə canlı qəhrəmanlarımızla belə görüşlərin keçirilməsi soydaşlarımızın vətənpərvərlik hissinin yüksəlməsinə xidmət edir: "Xocalı faciəsi hər bir azərbaycanlının ağrı, acısıdır. Vətəndən kənarda böyüyən nəslə bu tarixi faciənin unudulmaması üçün belə tədbirlərin keçirilməsi vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti