...

ASAN könüllülərinin koronavirusla mübarizədə həyata keçirdiyi layihələr açıqlandı

Cəmiyyət Materials 27 Aprel 2020 15:17 (UTC +04:00)
ASAN könüllülərinin koronavirusla mübarizədə həyata keçirdiyi layihələr açıqlandı

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

ASAN könüllülərinin #VAROLUN sosial çağırışı ilə aprelin 24-dən başladığı yeni layihə ümumilikdə 160 stasionar polis postunu əhatə edəcək.

Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev deyib.

Onun sözlərinə görə, #VAROLUN sosial çağırışı ilə həyata keçirilən layihənin əsas məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır. Layihə 4 gün ərzində davam edəcək və 160 stasionar polis postunu əhatə edəcək.

C.Hacıyev əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar ASAN könüllüləri bir neçə istiqamət üzrə fəaliyyət göstərir və bu istiqamətlər getdikcə çoxalır:

"Belə ki, ilk addım kimi mart ayının 16-dan başlayaraq 15 nəfərdən ibarət ASAN könüllüləri qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti əməkdaşları ilə birgə fəaliyyətə başladılar. Fəaliyyət dövründə onlar digər ölkələrdən gələn vətəndaşlarımızı qarşılayır, onları zəruri olan tibbi vasitələrlə və maarifləndirici materiallarla təmin edirdilər. Bütün könüllülərimiz TƏBİB tərəfindən zəruri tibbi təhlükəsizlik vasitələri ilə təmin olunmuşdu. Düşünürəm ki, ASAN könüllülərinin bütün risklərə baxmayaraq böyük cəsarət və həvəslə bu çağırışa cavab verməsi onların vətənə və dövlətə olan sevgisinin göstəricisi idi. ASAN könüllüləri Hava Limanındakı fəaliyyətlə kifayətlənmədilər".

C.Hacıyev qeyd edib ki, 24 mart tarixindən xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar onlar "ASAN Məktub" sosial proqramı çərçivəsində 65 yaşı olmuş vətəndaşlarımıza dəstək olmağa başladılar. Belə ki, yaşlı əhaliyə tətbiq olunmuş məhdudiyyət nəticəsində onların ərzaq və dərmanlara olan ehtiyaclarını qarşılamağa dəstək oldular.

C.Hacıyev əlavə edib ki, bu fəaliyyət martın 27-dən başlayıb və bugünədək 800-dən artıq yaşlı vətəndaşımıza dəstək göstərilib. Proqram təkcə Bakı şəhərini deyil, eyni zamanda "ASAN xidmət" mərkəzlərinin olduğu bütün rayon və şəhərlərimizi əhatə edir.

Könüllülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti struktur bölmə əməkdaşları ilə birgə ahıl vətəndaşları da ziyarət etdiyini deyən C.Hacıyev bildirib ki, yaşlı vətəndaşlarımıza dəstək eyni zamanda həmtəsisçisi olduqları Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) çərçivəsində də aparılır:

"ASAN könüllüləri UNİCEF ilə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası ilə mübarizə metodları barəsində maarifləndirici materialları əhaliyə paylayırlar. ASAN könüllüləri ahıl və uşaqlarla yanaşı, xəstəxanalarda karantin rejimində olan vətəndaşlarımızın və orada yorulmadan çalışan tibbi heyətin su tələbatını ödəmək üçün layihə həyata keçirmişdilər. Bu fəaliyyət martın 27-dən başlamış və bugünədək 800-dən artıq yaşlı vətəndaşımıza dəstək göstərilmişdir".

C.Hacıyev bildirib ki, Azərbaycan könüllüləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını hiss ediblər:

"Biz həm beynəlxalq, həm də yerli əhəmiyyətli tədbirlər zamanı dəfələrlə bunun şahidi olmuşuq. ASAN könüllüləri və ümumilikdə ASAN Könüllülük hərəkatı bu diqqət və qayğı ilə fəaliyyətinin ilk günlərindən əhatə olunmuşdu. 2020-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Könüllülər ili" kimi elan olunması bunun bariz nümunələrindən biridir. Bunun nəticəsidir ki, müxtəlif könüllülük hərəkətlarında birləşmiş könüllülər müxtəlif uğurlu layihələrə imza atırlar. Bu dəstək onlara böyük motivasiya verir".

C.Hacıyev qeyd edib ki, könüllülük gənclərdə bir milli-mənəvi dəyər kimi formalaşır və onların gələcək həyatında vacib rol oynayır:

"Elə bu səbəblərdən də bu gün bütün dünyanı əhatə etmiş koronavirus pandemiyası ilə mübarizədə könüllülər də biganə qalmadılar. Azərbaycan könüllülük hərəkatının inkişafında xüsusi yer tutan ASAN könüllülük hərəkatı bu çağırışa cavab verən ilk hərəkatlardan oldu. Bu günədək görülmüş bütün bu işlərin əsas qayəsi dövlətimiz və vətəndaşlarımız üçün çətin olan bu dönəmdə onların yanında olmaq, Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışına həmrəylik nümayiş etdirərək ölkə rəhbərliyinin etimadını doğrultmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti