...

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 3 mindən çox gənci öz ətrafına toplayıb (FOTO)

Cəmiyyət Materials 28 May 2020 09:40 (UTC +04:00)
"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 3 mindən çox gənci öz ətrafına toplayıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı karantin rejimi dövründə sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsi məqsədilə həyata keçirdiyi “Kənd Sovqatı” layihəsi çərçivəsində 1 200 ailəyə yardım edib.

Bunu Trend-ə açıqlamsında “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, təşkilatın könüllüləri pandemiyaya qarşı həyata keçirilən tədbirlərdə fəal iştirak edib, həmçinin xüsusi karantin rejimi dövründə də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafına mühüm töhfə vermək üçün ciddi səylə çalışdığını bildirib.

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatının ölkə üzrə fəaliyyət göstərən nümayəndəlikləri mövcuddur. Təşkilatımızın da təşəbbüs qrupunda yer aldığı 10 aparıcı könüllü təşkilatı tərəfindən yaradılan, 18 təşkilat və hərəkatı əhatə edən “Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi” (AKƏM) ilə birlikdə bir çox layihələr həyata keçiriblər. Onlar xüsusi karantin rejimi müddətində bir sıra layihələr və bir sıra aksiyalar reallaşdırıblar. Bunların sırasında “Kənd Sovqatı”, “Öyrənən Fermer”, “Fermerin Dostu” layihələrini, “Oxu Paylaş”, həmçinin, AKƏM çərçivəsində həyata keçirilmiş “Könüllü Qonşu”, “Könüllü Donor” və “Bir-birimizi qoruyaq!" sadalamaq olar.

K.Əliyev bildirib ki, “Aqrar İnkişaf Könüllüləri”nin təşkilatçılğı ilə “Öyrənən Fermer” layihəsi çərçivəsində fermerlər arasında sorğular keçirilib, onların təlim ehtiyacları öyrənildikdən sonra 300-dən çox fermerin bilik və bacarıqlarını artırmaq məqsədilə nazirliyin qurumlarının, həmçinin elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən onlara onlayn təlimlər keçirilib:

“Fermerin Dostu” layihəsi çərçivəsində isə yaşı 65-dən yuxarı olan fermerlərə sosial xidmətlərin göstərilməsi, təchizat, kommunal ödənişlərinin aparılması, gündəlik ərzaqların alınması kimi xidmətlər göstərilib. Onlardan hazırkı problemlərdən qaynaqlanan məsələlərlə bağlı sorğular götürülüb. Maliyyə, hüquq, subsidiya haqqında olan suallar cavablandırılıb. Biçinlə əlaqədar olaraq növbəliyin qorunması məqsədilə fermerlər məlumatlandırılıb. Onlara məlumat xarakterli çap materialları paylanılıb.

"Oxu Paylaş" aksiyasında hər kəsə evdə qaldığı müddətdə vaxtını səmərəli keçirmək üçün kitab oxuması üçün çağırış edilib. 100 dən çox gənc oxuduqları kitablar haqqında qısa video çəkərək və kitabın qısa təsvirini və öz fikirlərini bölüşərək cəmiyyətdə kitab oxumağın təşviqinə dəstək olmağa çalışıblar. "Könüllü Qonşu" aksiyası çərçivəsində 700 dən çox ailəyə sosial xidmət göstərilib. "Könüllü Donor" aksiyasında Aqrar İnkişaf Könüllüləri tərəfindən qan bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qan verilib".

Təşkilatın sədri əlavə edib ki, bu zaman ərzində “Bir-birimizi qoruyaq!” kampaniyasına start verilib. Kampaniya çərçivəsində karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və davranış qaydaları izah edilib, onların sağlamlığının qorunması məqsədilə maarifləndirmə işləri görülüb.

Qeyd edək ki, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 11 iyul 2018-ci ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Prezident İlham Əliyevin 24 yanvar 2019-cu ildə “Aqrar İnkişaf Könüllüləri” ilə görüşü baş tutub. Təşkilat 50 regionda fəaliyyət göstərərək, qısa müddət ərzində 3 mindən çox gənci öz ətrafına toplayıb. Aqrar sahənin kadr potensialının artırılması, fermerlərin maarifləndirilməsi, aqrar sahədə innovasiyaların tətbiqi və gənclərin marağının cəlb edilməsi istiqamətində ölkə miqyaslı 15 layihə icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti