...

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib

Cəmiyyət Materials 29 Avqust 2020 20:17 (UTC +04:00)

Bakı. Trend:

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən cəbhə xəttində yerləşən Qazax, Ağstafa və Tovuz rayon gənclərinin iştirakı ilə “Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində pozulmuş beynəlxalq humanitar hüquq normaları” mövzusunda regional hüquqi maarifləndirici onlayn tədbir təşkil edilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq humanitar hüquq normaları barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunub ki, ölkəmizə qarşı hərbi təcavüz aktı həyata keçirən işğalçı Ermənistan beynəlxalq humanitar hüququn bəhs olunan prinsiplərinə və tələblərinə məhəl qoymayıb, mülki əhaliyə və mülki obyektlərə-yaşayış məntəqələrinə, xəstəxanalara, mədəniyyət abidələrinə silahlı hücumlar edilib, insanlıq tarixində baş verən ən dəhşətli soyqırımlarından biri olan Xocalı faciəsi törədilib.

Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə ünvanladığı 13 iyul 2020-ci il tarixli bəyanatında iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş təxribat nəticəsində atəşkəs rejiminin, mülki şəxslərin insan hüquqlarının, habelə humanitar hüquq normalarının pozulması barədə məlumat verib.

Xatırladılıb ki, Müvəkkil Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Tovuzun Ağdam və Dondar Quşçu kəndlərinə, o cümlədən Qazax və Ağstafa rayonlarına səfər edib və oradakı vəziyyətin monitorinqini aparıb. Daha sonra onun ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyəti ilə tanış olmaq üçün hərbi hospitala baş çəkdiyi, monitorinqlərin nəticələrinin isə beynəlxalq təşkilatlara hesabat şəklində göndərildiyi qeyd edilib.

Bildirilib ki, Ombudsmanın təşəbbüsü ilə cəbhə bölgəsində yaşayan insanlara psixoloji dəstək xarakterli layihə həyata keçirilib.

Layihə çərçivəsində Ombudsman Aparatının əməkdaşları və psixoloq-mütəxəssislər tərəfindən Qazax rayonunun cəbhə xəttində yerləşən kəndlərində yaşayan və hərbi təxribatlar nəticəsində daim gərgin şəraitdə olan şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara psixoloji dəstək verilib.

Tədbirdə çıxış edən Qazax və Ağstafa rayon Gənclər və İdman idarələrinin, Tovuz rayon Gənclər Evinin nümayəndələri də təmsil etdikləri rayonlarda Ermənistan silahlı qüvvələrinin müntəzəm olaraq atəşkəs rejiminə əməl etməməsi və təxribatlar törətməsi nəticəsində mülki əhalinin hüquqlarının kobud şəkildə pozulduğunu diqqətə çatdırıblar.

Tədbir interaktiv müzakirələrlə davam edib və suallar ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti