Bakı. Trend:
Ermənistan tərəfinin hələ 20-ci əsrdən ölkəmizə qarşı başladığı təcavüzkar siyasəti sonradan da davam etdirdi. Həyata keçirilən işğalçılıq siyasətinin nəticəsində minlərlə insan həlak oldu və hazırda 1 milyondan çox insan hələ də məcburi köçkündür. Ermənistan ordusunun tarixdə misli görünməmiş Xocalı soyqırımını törətdi, hansı ki, bütün dünya bu ağrı-acını hələ də hiss edir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Sədr müavini Adil Əliyev deyib.
O, xatırladıb ki, Ermənistan ordusu 2020-ci ilin iyul ayının 12-də cəbhənin Tovuz rayonu istiqamətində təxribat törətdi, törədilən təxribat zamanı bir nəfər 76 yaşlı şəxs mülki şəxs olmaqla, 12 nəfər şəhid oldu:
"Bundan sonra Azərbaycan tərəfi bütün dünyanı Ermənistanın təcavüzkar siyasətini qınamağa dəvət etdi və bildirdi ki, bütün döyüş əməliyyatları, təxribatlar Ermənistan tərəfindən başlanır. Ermənistan tərəfi münaqişənin sülh şəraitində həll edilməsini istəmir və həyata keçirdiyi siyasət nəticəsində isə yeni ərazilərimizin işğalını nəzərdə tutur.
Beynəlxalq təşkilatlar və dövlətlərin bir qismi buna reaksiya verməsinə baxmayaraq, ümumilikdə Ermənistan hakimiyyətinin təcavüzkar müharibəni dayandırmasının qarşısı alınmadı.
Nəticədə Ermənistan hakimiyyəti görünməmiş şəkildə silahlanmağa başladı, habelə Livandan məcburi şəkildə erməni ailələrini Dağlıq Qarabağa köçürtdü və ciddi cəhdlə müharibə hazırlıqlarına başladı. Azərbaycan tərəfinin sülh danışıqlarını davam etdirməsi təklifindən imtina etdi və danışıqları birdəfəlik dayandırdı".
Vitse-spikerin sözlərinə görə, bunun nəticəsidir ki, Ermənistan tərəfi 27.09.2020-ci ildə yenidən işğal edilmiş ərazilərimizdə təxribat törətməyə başladı və bütün cəbhə boyu hücuma keçdi:
"Təəssüflə qeyd edirik ki, düşmən hücumlarını birbaşa olaraq mülki əhalini hədəfə alıb. Nəticə etibarı ilə Naftalan şəhərinə atılan top mərmisinin partlaması ilə həmin evdə yaşayan 5 nəfər mülki əhali şəhid oldu. Mülki əhalidən şəhid olan 2 nəfər məktəbli uşaq idi, onlar 7-ci və 9-cu sinifdə oxuyurdular.
Ermənistan tərəfinin Tərtər rayonuna olan hücum zamanı əvvəlcədən müəyyən etdikləri fiziki imkanları məhdud olan şəxslərin yaşadıqları evləri hədəf aldılar. Son nəticədə həmin evdə yaşayan və fiziki imkanları məhdud olan iki qardaş şəhid oldu. Habelə, Ermənistan tərəfinin bu döyüşlərin fonunda Tərtər rayonunda əhalinin gediş gəlişi üçün istifadə olunan körpünü partlatması, müharibə qanunlarının heçə sayılaraq mülki əhalini hədəf götürülməsini deməyə bizə imkan verir".
A.Əliyev deyib ki, Ermənistan tərəfi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərini, müharibənin aparılması qaydalarını müəyyən edən 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə hazırda da pozmaqdadır:
"Belə ki, Ermənistan hərbi birləşmələrinin 30.09.2020-ci il tarixdə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən dövlət qurumlarının inzibati binaların dağıdıldı və nəticədə 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Habelə, mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur.
Bugünə qədər Ermənistanın mülki əhalini hədəfə alması nəticəsində 12 nəfər mülki şəxs vəfat etmiş, 42 nəfər mülki şəxs yaralanmış, habelə 66 yaşayış evi, 9 mülki obyekt yararsız vəziyyətə düşdü. Ermənistan tərəfi mülki insanları hədəf almaqla yanaşı, yeganə dolanışıq yeri ev heyvanlarını xüsusilədə xırda və iribuynuzlu heyvanlar olan ailələrin evlərinə, tövlələrinə və digər qida obyektlərinə zərər vururlar.
Belə ki, tibbi yardım maşınlarına atəş açılması onu deməyə əsas verir ki, Ermənistan tərəfi 1949-cu il Çenevrə Konvensiyasının bütün müddəalarını kobud şəkildə pozurlar.
Ermənistanın bu müharibə cinayətlərini qətiyyətlə qınayırıq və mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutaraq onları qorxu içində saxlamaq cəhdlərinə son verməsini tələb edirik. Eyni zamanda, beynəlxalq ictimaiyyəti Ermənistanın başlatdığı bu yeni təcavüz aktını, eləcə də bu təcavüz çərçivəsində mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmasını kəskin şəkildə qınamağa, həmçinin Ermənistan tərəfindən beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquq çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri təmin etməyə çağırırıq".