...

Eksternat qaydasında aralıq imtahanları onlayn formada keçiriləcək

Cəmiyyət Materials 24 Dekabr 2020 18:56 (UTC +04:00)
Eksternat qaydasında aralıq imtahanları onlayn formada keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dekabrın 25-dən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarının keçirilməsinə start veriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib. Bu baxımdan eksternat qaydasında aralıq imtahanları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada (şifahi) keçiriləcək.

Bu barədə məlumatlar eksternat imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin “Whatsapp” nömrələrinə bildiriş kimi göndərilib.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. İmtahanda iştirak edənlərə 10 fənn üzrə suallar veriləcək.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti