...

Erməni təcavüzü nəticəsində mülki əhaliyə 63 milyon manat ziyan dəyib - Baş nazir

Cəmiyyət Materials 7 Yanvar 2021 12:44 (UTC +04:00)
Erməni təcavüzü nəticəsində mülki əhaliyə 63 milyon manat ziyan dəyib - Baş nazir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə 63,6 milyon manat həcmində zərər vurulub.

Trend-in məlumatına görə, bunu Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi üçün müxtəlif dövlət qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılıb:

"Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlarımıza çox ciddi zərər vuruldu. Bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi istiqamətində Prezident İlham Əliyev 6 noyabr tarixli sərəncamı oldu. Sərəncama əsasən Dövlət Komissiyası yaradıldı və ona müvafiq konkret tapşırıqlar verildi. Sərəncamla verilən tapşırıqların icrası ilə əlaqədar dərhal İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradıldı. İşçi qruplarına mərkəzi icra orqanlarının - nazirlərin və komitə sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilir. Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunub. Ötən müddət ərzində zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılıb. Qiymətləndirmədən sonra müvafiq aktlar tərtib edilib və təqdim olunub. Ən çox zərər çəkmiş Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər indi də davam etdirilir. Yaxın günlərdə bu işlər başa çatdırılacaq. Toplanmış materiallara əsasən, dağılmış və qəzalı vəziyyətə düşmüş, o cümlədən ziyan dəymiş əmlakın bərpa dəyəri əsasında, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və digər daşınmaz əmlak isə orta bazar qiyməti prinsipinə uyğun olaraq qiymətləndirilib. Bu günədək hesablanmış dəymiş ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti