...

AZƏRTAC və Anadolu agentlikləri arasında əməkdaşlıq yeni müstəviyə keçir (FOTO)

Cəmiyyət Materials 15 İyun 2021 20:25 (UTC +04:00)
AZƏRTAC və Anadolu agentlikləri arasında əməkdaşlıq yeni müstəviyə keçir (FOTO)

Bakı. Trend:

İyunun 15-də qardaş Türkiyənin aparıcı Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz AZƏRTAC-da olub.

Əvvəlcə Serdar Karagöz və AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimova və Azərbaycan Televiziyasının operatoru Sirac Abışova həsr olunan guşəni ziyarət edərək şəhid jurnalistlərin xatirəsini ehtiramla yad ediblər.

Agentlik rəhbərlərinin görüşündə AZƏRTAC və Anadolu arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə hazırda bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək yolunu seçib. Buna uyğun olaraq, iki ölkənin agentlikləri arasında əməkdaşlıq da yeni müstəviyə keçir. AZƏRTAC və Anadolu agentliklərinin çoxillik münasibətlərinin genişləndirilməsi müasir çağırışlara birlikdə daha tutarlı cavab vermək imkanları açır.

“Bu gün tarixi gündür. Azərbaycanda 15 İyun Qurtuluş günü qeyd olunur. Eyni zamanda, Şuşada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi görüşü keçirilib, iki ölkə arasında müttəfiqlik haqqında birgə Bəyannamə imzalanıb. Bu, ölkələrimizin dünyaya nümunə olan qardaşlıq, dostluq, strateji tərəfdaşlıq münasibətlərinin daha bir göstəricisidir. Anadolu Agentliyi daim AZƏRTAC-a dəstək olub. Qırx dörd günlük Vətən müharibəsi zamanı Anadolu Azərbaycanın haqq səsini dünyaya çatdırdı və informasiya müharibəsində yanımızda oldu. Qlobal informasiya mənbəyi kimi özünü təsdiqləyən Anadolu ilə qardaşlıq və dostluq münasibətlərindən qürur duyuruq”, - deyə Aslan Aslanov qeyd edib.

Azərbaycanın onlar üçün çox önəmli qardaş ölkə olduğunu vurğulayan Baş direktor Serdar Karagöz deyib: “Ölkələrimizin aparıcı xəbər agentliklərinin eyni hədəflər naminə birgə çalışması hər iki tərəfə böyük uğur gətirə bilər. Anadolu Agentliyinin hədəfi informasiya istehsalçısı kimi dünyada birinci olmaqdır. Yerləşdiyimiz coğrafi mühit, malik olduğumuz imkanlar bunu deməyə əsas verir. Biz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda güclərimizi birləşdirməliyik. Azərbaycanın haqq savaşında Anadolu Agentliyi, TRT telekanalı bütün xəbərləri dünyaya birinci olaraq çatdırırdı. Zəfər xəbəri də Türkiyədə ilk olaraq Anadolu vasitəsilə yayıldı. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Əminəm ki, əməkdaşlığımızı dərinləşdirməklə daha böyük uğurlara imza atacağıq”.

Görüşdə iki agentlik arasında təcrübə mübadiləsi məsələlərinə də diqqət yetirilib. Anadolunun “Xəbər Akademiyası”nda AZƏRTAC-ın əməkdaşlarının təlimlər keçməsi, həmçinin agentliyin təcrübəli mütəxəssislərinin iştirakı ilə Bakıda ustad dərslərinin təşkili barədə razılıq əldə olunub. Həmçinin Türkdilli Xəbər Agentlikləri Birliyinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti