...

Gəncə Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2021 16:30 (UTC +04:00)
Gəncə Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhfəsini vermiş nadir ölkələrdəndir. Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış görkəmli şəxsiyyətlərdən olan Nizami Gəncəvi bu xəzinənin ən qiymətli incilərindəndir. Odur ki, bu dahi sənətkarın nəinki xalqımızın, eləcə də dünya mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri öyrənilməkdədir.

Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şairin 880 illiyi ilə əlaqədar 2021-ci ili “Nizami Gəncəvi ili” elan edərək müvafiq Sərəncam imzalamışdır. Söz yox ki, bu Sərəncam Azərbaycan ədəbiyyatına və mədəni irsinə göstərilən yüksək diqqətin nəticəsidir.

Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin və İstanbul Universitetinin təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən Beynəlxalq elmi konfransda iştirak edən tanınmış alimlər dahi şairin yaratdığı əvəzsiz xəzinənin əhəmiyyətindən danışmışlar.

Konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında ulu öndən Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuş, sonra dahi şairin məqbərəsini ziyarət etmiş, burada Nizami Muzeyi ilə yaxından tanış olmuşlar. Universitetin 2-ci korpusunun akt zalında öz işinə başlayan Beynəlxalq konfrans Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlamışdır. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan mərd oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlamış və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan xalqının göstərdiyi şücaətdən danışmış, istər müharibədən əvvəl, istərsə də müharibə dövründə qardaş Türkiyənin, eləcə də şəxsən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı dəstəkləməsini iki qardaş ölkənin həmişə bir yerdə olmasının göstəricisi kimi dəyərləndirmişdir. Sonra əsərlərində insanları daim sülhə, sabitliyə səsləyən dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvi ili çərçivəsində keçirilən bu konfransın əhəmiyyətindən danışmışdır. Diqqətə çatdırmışdır ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Bu nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamışdır. Nzami irsi hər zaman dünya alimlərinin diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, elmi-tədqiqat işləri aparılmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi isə dahi şairin irsinin daha dərindən öyrənilib tədqiq edilməsində yeni imkanlar açmışdır. Belə ki, qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından olan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi nəinki ölkəmizdə, eləcə də bir çox xarici ölkələrdə təntənə ilə qeyd edilmişdir ki, bu da milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin nümunəsi kimi qiymətləndirilə bilər. Bundan başqa keçirilən bu tədbirlərdə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından ətraflı bəhs edilmişdir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək dahi şairin 880 illiyi ilə əlaqədar ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq şairin vətənində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışmış və konfransın işinə uğurlar arzulamışdır.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk öz çıxışında iki qardaş ölkənin bütün sahələrdə, o cümlədən mədəni əlaqələrin genişləndirilməsində həyata keçirilən tədbirlərdən danışmış, dahi söz ustası Nizami Gəncəvinin Türkiyədə dərindən öyrənilməsi və tədqiq olunması sahəsində əldə edilən uğurlardan danışmışdır.

Sonra İstanbul Universitetinn rektoru, professor Mahmut Ak, İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, Gəncə Dövlət Universitetinin müəllimləri Vüsal İsgəndərov və Bayram Apoyev, İstanbul Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor İlyas Topsakal çıxış edərək dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən bu konfransın əhəmiyyətindən danışmış, şairin əsərlərindən nümunələr səsləndirərək təhlil etmişlər.

Nizami Gəncəvi və Yunuz Əmrə panellərində isə İstanbul Universitetinin Türkşünaslıq İnstitutunun direktoru Mustafa Balçının, həmin universitetin ədəbiyyat fakültəsinin dekanı Hayati Develinin məruzələri dinlənilmişdir.

Həmin gün Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında yerləşən “Yunus Əmrə” adına mühazirə otağının, həmçinin universitetin əsas tədris binasında “Nizami Gəncəvi” adına konfrans zalının açılışları olmuşdur.

Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti