...

Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinə xüsusi diqqət ayrılır

Cəmiyyət Materials 25 Dekabr 2021 12:36 (UTC +04:00)
Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinə xüsusi diqqət ayrılır

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə ilə təmin olunacaq:

I dərəcə əlilliyə görə – 8 800 manat;

II dərəcə əlilliyə görə – 6 600 manat;

III dərəcə əlilliyə görə – 4 400 manat;

Birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, ölkəmizdə çox uğurlu sosial siyasət həyata keçirilir və bu siyasətin tərkib hissəsi olaraq ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində ciddi işlər aparılır.

“Dövlət başçısı hər zaman bu istiqamətdə xüsusi diqqət və qayğı göstərir. Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair Fərmanın imzalanması ölkə Prezidentin birinci Qarabağ müharibəsi əlillərinə xüsusi diqqətinin olması ilə yanaşı ölkəmizdə aparılan uğurlu sosial siyasətin göstəricisidir. Son üç il ərzində bu sahədə inqilabi islahatlar həyata keçirilib. Beləki, məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb.

2021-ci ilin əvvəlində də bu artımlar olub və son aylarda da ölkə Prezidentinin fərmanı ilə əlillərin müavinətləri artırılıb. Bu kateqoriyadan olan insanların nəinki müavinatları, eyni zamanda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin edilməsi istiqamətində ciddi iş aparılır”, - deyə S.Hüseynova bildirib.

O qeyd edib ki, ölkə Prezidentinin imzaladığı proqram çərçivəsində 2021-2025-ci illərdə 11 min ailənin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulur:

“2021-ci ildə artıq 2800, ötən dövrdə isə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Eyni zamanda bu il müharibə əlillərinə 164, ötən dövrdə isə 7400 avtomobil verilib. Postmüharibə dövründə ölkəmizdə genişmiqyaslı sosial dəstək paketi həyata keçirilib. Bu dəstək paketi Vətən müharibəsi iştirakçılarını və şəhid ailələrini, erməni terrorundan zərər çəkənləri də əhatə edir. Dəstək istiqamətləri isə çox genişdir. Bura sosial təminat hüquqlarının çevik reallaşması, sosial ödənişlərin təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri, maddi yardım, məşğulluq və kiçik biznes imkanlarının yaradılması və s. dəstək növləri daxildir”, - deyə komitə üzvü vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin dekabrın 23-də imzaladığı Fərman Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğısının daha bir təzahürüdür.

Onun sözlərinə görə, sosial dövlət olan Azərbaycanda atılan davamlı addımlar zamanı şəhid ailələri, müharibə əlilləri, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur və sonucu Fərman da bu siyasətin davamlı olduğunu təsdiqləyir.

Deputat qeyd edib ki, Fərmanla birdəfəlik ödəmələrin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb: “Birdəflik ödəmə 17-20 min şəxsi əhatə edəcək. Onu da xatırlatmaq yerinə düşər ki, bundan əvvəl Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti