...

Azərbaycanda ölümün qeydə alınması ilə bağlı yeni qaydalar müəyyən edilir

Cəmiyyət Materials 27 Dekabr 2021 13:44 (UTC +04:00)
Azərbaycanda ölümün qeydə alınması ilə bağlı yeni qaydalar müəyyən edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir:

- "Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırkı bəndi isə belədir ki, məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Digər bir dəyişikliklə isə xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşir. Bununla bağlı Məcəlləyə yeni - 195.2-ci maddə əlavə olunur.

Yeni maddəyə əsasən, Azərbaycan vətəndaşının, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Məcəlləyə dəyişikliklər üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti