Bakı. Trend:
Martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclasda komitənin sədri Tahir Rzayev məlumat verib ki, iclasın gündəliyinə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş) daxil edilib.
Qanun layihəsinin birinci oxunuşda geniş müzakirələrdən keçdiyini bildirən komitə sədri sənədin müasir çağırışlar kontekstində qida təhlükəsizliyinin təmini və insanların sağlamlığının qorunması ilə bağlı aktuallığına toxunub.
T.Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib.
İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və agentliyin aparat rəhbəri Elxan Mikayılov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.