...

AQTİ mütəxəssisləri tərəfindən kök yumrusu birəböcəyinin risk təhlili həyata keçirilib

Cəmiyyət Materials 12 Avqust 2022 10:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən kök yumrusu birəböcəyinin (lat. – E.tuberis) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə ekspres risk təhlili həyata keçirilib.

Sözügedən zərərvericinin vətəni ABŞ-ın Kolorado ştatı hesab olunur. Növün Kosta Rika və Ekvadorda qeydə alınması ilə bağlı Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO) bəzi hesabatlarında məlumat yer alıb. Kök yumrusu birəböcəyinin Azərbaycanda aşkar edilməsi ilə bağlı bu günə qədər heç bir rəsmi məlumat qeydə alınmayıb.

E.tuberis-in iqtisadi cəhətdən ən çox ziyan vurduğu bitki – kartofdur. Həmçinin, pomidor, badımcan, tütün və Solanaceous fəsiləsindən olan digər bitkilərdə də bu zərərvericiyə rast gəlinir. Bununla belə, kök yumrusu birəböcəyinin həmin bitkilər üçün zərəri əhəmiyyətsiz dərəcədə azdır.

E.tuberis-in yetkin fərdi bitkinin yarpağı ilə, sürfəsi isə kök, soğanaq və kök yumruları ilə qidalanır.

May ayının ortasından başlayaraq, havanın temperaturundan asılı olaraq, yetkin fərd 45 gün müddətində ortaya çıxıb kartof bitkisi ilə qidalanmağa başlayır. Dişi fərd 35-57 gün müddətində öz yumurtasını torpağa, eləcə də, kartof bitkisinin torpağa yaxın gövdə hissəsinə qoyur və qısa müddətdən sonra tələf olur. Dişi fərd, təxminən 161-dan 215-ə qədər yumurta qoyur. On dörd günlük inkubasiya dövründən sonra yumurtadan çıxan birinci nəsil sürfə 2-4 həftə ərzində kartof bitkisinin daha tez yetişən kökləri və hələ tam yetişməmiş kök yumruları ilə qidalanmağa başlayır. Birinci nəsil sürfənin inkişafı bir aya, ikinci nəsil sürfənin inkişafı isə 2-6 həftəyə başa çatır. Beləliklə, birinci nəslin sürfələri tez yetişən kartof bitkisində, ikinci nəslin sürfələri isə gec yetişən kartof yumrularında inkişaf edir. Tam yetişmiş sürfələr qidalanmanı dayandıraraq bitkinin kök və kök yumrularından uzaqlaşıb torpağa keçir və həşəratın pup mərhələsi başlayır.

Yetkin fərd isə kartof bitkisinin yarpaqlarında diametri 1-1,5 mm olan, adətən 8-10 ədəd kiçik dairəvi deşiklər açır. Yetkin fərd dah çox yarpaqda aşkar edilir, yuxarıda da qeyd olunduğu kimi, kartof bitkisinə əsas zərəri həşəratın sürfəsi verir. Sürfələr kartofun kök yumruları ilə qidalanaraq onların qabığını zədələyir. Qabığın altında soxulcan izlərini xatırladan “tunel”lər və ya cığırlar açır, kartof yumrularının daxilinə isə qismən nüfuz edə bilir. Bununla belə, sürfələrin açdığı bu izlərin müxtəlif patogenlərin bitkiyə nüfuz etməsinə şərait yaratdığı bildirilir.

İqlim amilləri E.tuberis-in yayılmasını və populyasiyasının artmasını məhdudlaşdıran əsas amildir. Yetkin fərd aktiv şəkildə kartof sahələrinə uça bilir ki, bu da həşəratın yayılmasının əsas yollarından biri sayılır. Kök yumrusu birəböcəyinin uzaq məsafələrə yayılmasının əsas yolu isə torpaq, eləcə də toxumluq və ya ərzaqlıq kartofun ticarət məqsədilə daşınmasıdır.

AQTİ-nin əməkdaşları tərəfindən kök yumrusu birəböcəyinin ekspres risk təhlili əsasında məlumat toplusu hazırlanaraq xidməti istifadə üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti