Bakı. Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə Rasim Məmmədovun vəkilləri bildiriblər ki, onunla bağlı cinayət işinin materiallarındakı sübutların bir qismi qanunsuz yollarla əldə edilib. Ona görə də vəkillər onların sübutlar siyahısından xaric olunmasını istəyib. Rasim Məmmədovun vəkilləri, həmçinin, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etiraz edib və həmin rəylərin sübutlar siyahısından çıxarılmasını istəyiblər.
Vəkil Zibeydə Sadıqova deyib ki, qanuna görə, ekspertiza təyin olunması haqda qərar qəbul ediləndə bu barədə təqsirləndirilən şəxsin özünə də, onun müdafiəçilərinə də məlumat verilməlidir: "Çünki bu tərəfin də sualları, aydınlaşdırılmasını istədikləri məsələlər ola bilər. Müstəntiq bizi çağırıb rəyi elan elədi. Dedik ki, bu ekspertiza nə vaxt təyin olunub, heç bizim xəbərimiz yoxdur?! Halbuki, bizə xəbər verilməliydi. Suallarımız ola bilərdi. İş materiallarıyla tanış olanda gördük ki, ora əlavə bir arayış qoyub müstəntiq. Yazıb ki, guya həmin vaxt Rasim Məmmədov Covid-19-a yoluxub, təcrid olunmuş vəziyyətdə saxlanıb, ona görə də ekspertiza keçirilməsi haqda qərar ona elan edilməyib. Vəkil Pərviz Məmmədova da guya zəng olunub, o da deyib ki, Rasim Məmmədovsuz onun tək bu qərarla tanış olmağının faydası yoxdur. Halbuki, belə bir şey olmayıb”.
Vəkillər Zibeydə Sadıqova və Pərviz Məmmədov ekspertiza rəyinin müdafiə hüququnun pozulmasıyla əldə edildiyini vurğulayaraq, onun sübutlar siyahısından çıxarılmasını istəyiblər.
Prokuror isə bildirib ki, vəkillərin iradı vardısa, istintaq dövründə ekspertiza rəyilə tanış olanda bildirər, təkrar ekspertiza keçirilməsi haqda vəsatət verə bilərdilər.
İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.
Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.
