...

Gənclər və idman nazirinin təqdirəlayiq çağırışı və Bakının tıxac probleminin həll yolları

Cəmiyyət Materials 26 Noyabr 2022 10:28 (UTC +04:00)
Gənclər və idman nazirinin təqdirəlayiq çağırışı və Bakının tıxac probleminin həll yolları
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar ictimai nəqliyyatın işindəki problemləri hər kəs müşahidə edir. Bu ildən hətta bəzi problemlər daha açıq şəkildə görünməyə başladı. Paytaxt sakinləri az qala hər gün ictimai nəqliyyatın işindən, yollardakı tıxaclardan şikayət edirlər.

Zaman-zaman mütəxəssislər, ekspertlər, rəsmi şəxslər, hətta vətəndaşlar problemin həlli üçün müxtəlif təkliflər səsləndirirlər. Gənclər və idman naziri Fərid Qayıbovun bu gün vətəndaşlara etdiyi çağırış qısa zamanda trendə çevrildi. Belə ki, Fərid Qayıbov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşularaq vətəndaşların piyada gəzməyə üstünlük verməsi üçün müraciət etdi. Nazir çağırışı zamanı ətraf mühitin mühafizəsinə və sağlamlığa diqqət çəkməyə çalışıb.

Məlumat üçün qeyd edək ki, ən çox piyada gəzən ölkə sakinləri Honkonqdadır. Burada sakinlər gündə 6880 addım atır. Növbəti yerlərdə Çin (6189), Ukrayna (6170) və Yaponiya (6010) yer alıb.

Azərbaycanda isə təəssüfki bu məlumatları əldə etmək üçün statistika yoxdur.

Danılmaz faktdır ki, Bakıda müəyyən nəqliyyat problemi var və müxtəlif vasitələrlə problemdən çıxış yolunu tapmaq lazımdır. İcitmai nəqliyyatın işinin düzgün təşkili, şəxsi avtomobillərdən az istifadə edib, ictimai nəqliyyata üstünlük vermək, piyada gəzmək də bunlardan biridir.

Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, gənclər və idman nazirinin çağırışı olduqca önəmlidir.

“İnanıram ki, qısa zamanda bu çağırışa qoşulanların sayı artacaq, həm sağlamlıq, həm də ətraf mühitin mühafizəsi üçün piyada gəzmək önəmlidir. Qısa məsafələri piyada getməyə üstünlük vermək daha yaxşı olar.

Lakin ilk növbədə Bakının nəqliyyat sistemində ciddi təkmilləşdirilmələr aparılmalıdır. Həm avtobusların, həm metronun işini daha optimal təşkil etmək lazımdır. İctimai nəqliyyat saat kimi dəqiq çalışmalıdır. İnsanlara seçim imkanı verilməlidir.

Vətəndaşın istədiyi yerə həm metro ilə, həm avtobusla, həm piyada, həm də digər vasitələrlə rahat şəkildə gedə bilməsi təmin olunmalıdır.

Lazımı tədbirləri görməklə bərabər bu kimi çağırışlara qoşulmaq da olar", - deyə E.Muradlı qeyd edib.

Əlbətdə tıxac probleminin həlli üçün nəqliyyat sisteminin təkmilləşdirilməsi, ictimai nəqliyyatın daha sürətli və dəqiq çalışmasını təmin etmək vacibdir.

Bu məsələdə həm dövlət qurumları, həm də vətəndaşlar üzərlərinə düşən işə məsuliyyətlə yanaşmalıdırlar. Təəssüf ki, hər iki tərəfdə zaman-zaman səhlənkarlıqların şahidi oluruq. İctimai nəqliyyat gecikir, tıxaclar yaranır, vətəndaşlar da qısa məsafələrə belə “onsuz da taksi 1 manat yazır” təfəkkürü ilə yanaşıb hərəkət edirlər.

Bakının tıxac dərdinin həlli üçün hər kəs üzərinə düşəni etməldir. Əks təqdirdə tıxaclarda itirilən vaxt, əvəzində qazanılan əsəb-stress artmaqda davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti