Bakı. Trend:
Ermənilərin Azərbaycan ərazilərində ekoloji terroruna, təbii sərvələrimizi talan etməsinə son qoyulmalıdır.
Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və
ekologiya komitəsinin üzvü
Afət Həsənova deyib.
Deputat bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq erməni qanunsuz silahlı birləşmələri çoxdan Azərbaycan ərazilərindən çıxarılmalı idi.
“Lakin Ermənistan tərəfi bəyanatın müddəaların kobud şəkildə pozaraq hələ də ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirir, ekoloji terror törədir, təbii sərvətlərimizi talan edir. Əlbəttə ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bu cür qanunsuz əməlləri haqlı olaraq Azərbaycan xalqının narazılığına səbəb olub və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda dörd gündür keçirdikləri etiraz aksiyası da məhz ermənilərin bu qanunsuz əməllərinin qarşısını almaq məqsədi daşıyır.
Həm Ermənistan, həm də onun havadarları anlamalıdır ki, artıq Azərbaycan xalqı ermənilərin bu cür qanunsuz əməllərinə səssiz qalmaq niyyətində deyil”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, 30 il Azərbaycan torpaqlarını işğal
altında saxladıqları müddətdə ermənilərin törətdiyi ekoloji
terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki,
onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq.
“Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və
faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana
qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin
bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub.
Rəqəmlərə diqqət yetirsək ermənilərin təbiətə qarşı törətdiyi
vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik.
Belə ki, məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280
min hektar meşə sahəsi olub və bundan 13197,5 hektarı qiymətli ağac
növləri olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər,
Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu
yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə
bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb,
təbii resurslar qarət edilib”, - deyə A.Həsənova bildirib.
Deputat qeyd edib ki, təəssüflər olsun ki, ermənilər bu gün də
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını,
ekoloji terroru davam etdirməkdədir.
“Lakin Azərbaycan dövlətinin və xalqının səbri tükənməz deyil. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni əməkdaşlıq mühitinin yaradılması, dayanıqlı sülh və sabitliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsi təklif edib. Ancaq Ermənistan tərəfi hələ də Azərbaycanın bu humanist təklifinə adekvat cavab verməyib, əksinə üçtərəfli bəyanatən müddəalarını kobud şəkildə pozaraq qanunsuz əməllərini davam etdirir. Bu bir daha göstərir ki, Ermənistan regionda sülhün bərqərar olmasında maraqlı deyil. Ermənistan anlamalıdır ki, baş verən proseslər ona yaxşı heç nə vəd etmir. Azərbaycan dövləti və xalqının mövqeyi qətidir, öz ərazisində ermənilərin qanunsuz əməllərinə dözmək niyyətində deyil. Ermənistan da bunu nə qədər tez anlasa onun üçün o qədər tez olar”, - deyə deputat əlavə edib.